20 İyun 2025

Ordu quruculuğu strategiyası

Müstəqil Azərbaycanın dövlət siyasətində ən önəmli istiqamətlərdən biri güclü ordu quruculuğudur. Prezident İlham Əliyevin 2003-cü ildən bu yana apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir ordularından birinə çevrilmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar, maddi-texniki təchizatın gücləndirilməsi, kadr hazırlığı, vətənpərvərlik ruhunun aşılanması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi, Azərbaycan ordusunu keyfiyyətcə yeni mərhələyə çıxarmışdır. Azərbaycan 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi səbəbindən öz təhlükəsizliyini təmin edə biləcək, mütəşəkkil və güclü bir orduya ehtiyac duyurdu. Bu baxımdan, ordu quruculuğu məsələsi milli təhlükəsizlik və ərazi bütövlüyünün qorunması baxımından strateji prioritetə çevrildi. Ümummilli lider Heydər Əliyevin bu sahədə qoyduğu təməllər, Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda ilk əsas mərhələlərdən biri hərbi infrastrukturun yenilənməsi və gücləndirilməsi oldu. Yüzlərlə yeni hərbi hissə, kazarma, təlim mərkəzi və hərbi şəhərcik inşa edildi, ordunun silahlanması müasir texnologiyalarla təmin olundu: tanklar, zirehli maşınlar, pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikli raket sistemləri alındı, yerli hərbi sənayenin inkişafına ciddi önəm verildi – müdafiə sənayesi müəssisələri yaradıldı və Azərbaycanın öz hərbi məhsullarını istehsal etməsi təmin olundu. Peşəkar zabit heyətinin hazırlanması, hərbi təlim sisteminin müasir tələblərə uyğun qurulması İlham Əliyevin hərbi siyasətində əsas yer tutur. Müasir zabit hazırlığı proqramları tətbiq olundu, hərbi liseylər və ali hərbi təhsil müəssisələrinin tədris keyfiyyəti yüksəldildi, xarici ölkələrlə, xüsusilə Türkiyə ilə sıx hərbi təlim əməkdaşlığı quruldu, əsgərlərə psixoloji hazırlıq, ideoloji tərbiyə və vətənpərvərlik ruhu aşılandı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı bu siyasətin real nəticələri 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünü tam şəkildə göstərdi. Azərbaycan Ordusu yüksək texniki imkanlarla, dəqiq planlaşdırma və koordinasiya ilə qısa müddətdə Ermənistanın uzun illər ərzində qurduğu müdafiə xətlərini yararaq ərazilərimizi azad etdi. Bu qələbə yalnız döyüş meydanında deyil, siyasi və diplomatik arenada da qazanıldı. Prezident İlham Əliyev həm Ali Baş Komandan olaraq müharibənin hər mərhələsində xalqla bir yerdə oldu, həm də beynəlxalq mediada Azərbaycanın mövqeyini prinsipial və qətiyyətli şəkildə müdafiə etdi. Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmadı, əksinə daha da sürətləndi. Qarabağ və Şərqi Zəngəzurda yeni hərbi hissələr yaradıldı, sərhəd təhlükəsizliyi möhkəmləndirildi, xüsusi təyinatlı komando qüvvələri formalaşdırıldı. Hərbi qulluqçular üçün sosial layihələr həyata keçirildi, şəhid ailələri və qazilərin rifahı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.

Bütün bu faktlar göstərir ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu strategiyası müasir Azərbaycanın təhlükəsizliyinin, sabitliyinin və gələcək inkişafının əsas sütunlarından biridir. Azərbaycan bu gün regionda söz sahibi olan, öz sərhədlərini qorumağa və milli maraqlarını müdafiə etməyə qadir güclü orduya malik dövlətdir. Bu isə Prezidentin illər boyu apardığı ardıcıl siyasətin, uzaqgörən yanaşmanın və dövlətə sədaqətli rəhbərliyin nəticəsidir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı