31 İyul 2025

Sarsılmaz müttəfiqlik münasibətləri

Azərbaycan-Türkiyə münasibətləri tarixi və milli köklərə bağlıdır. Eyni soykökə, eyni dilə, eyni dinə malik bu iki qardaş xalq tarixin çətin və keçməkeşli günlərində belə hər zaman biri birlərinə dəstək olmuşlar. Bizi bir birimizə bağlayan bu amillər zaman keçdikcə milli birliyimizi, həmrəyliyimizi daha da artırmış və parlaq gələcək naminə birgə addımlamağa böyük zəmin yaratmışdır. Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək bir tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu gün bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlıq istiqamətində Azərbaycan və Türkiyə böyük uğurlara imza atmaqdadır. Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.

2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından 4 il ötür. Bu Bəyannamə Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının dünyaya bir daha nümayiş idi. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasına qarşı xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunu idi.

Mühüm tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, ümumi problemlərlə bağlı birgə addımların atılmasını, davamlı həmrəylik göstərilməsini, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ehtiva edir. Göründüyü kimi, bu tarixi sənəd hər iki dövlətin və xalqın milli mənafelərinə, beynəlxalq birliyin, o cümlədən regionun sabitliyinə, sülhə, rifaha hesablanmış müddəaları özündə cəmləşdirib. Bu da qlobal və regional sülhü, rifahı, inkişafı, eləcə də iki qardaş ölkənin uğurlarını şərtləndirəcək.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı