31 İyul 2025

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir

15 İyun – Milli Qurtuluş Günü, Azərbaycan Respublikasında dövlətçilik tarixində mühüm əhəmiyyətə malik bir gündür. Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür.

Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi…

Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqilliyini elan etdi. Lakin yeni müstəqil dövlətin qarşısında çoxsaylı problemlər dayanırdı: iqtisadi böhran, Dağlıq Qarabağ münaqişəsi, siyasi parçalanma və daxili qarşıdurmalar. 1992-1993-cü illərdə ölkədə siyasi qeyri-sabitlik daha da artdı, hakimiyyət dəyişiklikləri, daxili müharibə təhlükəsi yaranmışdı. Bu dövrdə ölkə ciddi təhlükələrlə üz-üzə idi və parçalanma riski mövcud idi. 1993-cü ilin iyun ayında xalqın çağırışı və siyasi qüvvələrin tələbi ilə Heydər Əliyev Bakıya qayıtdı və hakimiyyətə gəldi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi sabitliyə qovuşdu, iqtisadiyyat yenidən quruldu, dövlət idarəçiliyi sistemində islahatlar aparıldı. O, müstəqilliyin qorunması, milli maraqların müdafiəsi və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. Heydər Əliyev həm də Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ probleminin həllində milli mövqeyin birmənalı və prinsipial olmasını təmin etdi.

Bu gün – 15 İyun Milli Qurtuluş Günü olaraq qeyd olunur və Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün həm də xalqın birliyinin, dövlətçiliyin möhkəmlənməsinin, milli vətənpərvərlik ruhunun təcəssümüdür.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı