Bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib.
Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunun əsas hərəkətverici qüvvələrindən biri enerji siyasətidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”.
1990-cı illərin əvvəlləri Azərbaycanın tarixində ən mürəkkəb dövrlərdən biri idi. Vətəndaş qarşıdurması, iqtisadi iflic, yüksək inflyasiya, yoxsulluq, Ermənistan tərəfindən həyata keçirilən hərbi təcavüz və 1 milyona yaxın məcburi köçkün problemi ölkəni ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir zamanda Heydər Əliyev müstəqil dövlətçiliyin qorunması üçün ən düzgün və real yola — enerji sektorunun beynəlxalq əməkdaşlıq vasitəsilə inkişaf etdirilməsinə üstünlük verdi.
“Əsrin müqaviləsi” adlandırılan və 1994-cü ildə imzalanmış saziş məhz onun siyasi iradəsi və diplomatik məharəti nəticəsində mümkün oldu. Bu müqavilə ilə Azərbaycan dünya enerji bazarına açıldı, xarici sərmayələrə etimad qazandı və ölkənin iqtisadi dirçəlişinə təkan verildi. Prezident İlham Əliyev bu tarixi məqamı belə izah edir: “Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı… gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?!”
Heydər Əliyevin uzaqgörənliyi yalnız enerji resurslarının hasilatı ilə məhdudlaşmadı. Onun əsas hədəfi enerji sektorunu siyasi sabitliyin və iqtisadi müstəqilliyin təminatçısına çevirmək idi. O, bilirdi ki, enerji sahəsində xarici investorlarla bərabərhüquqlu və etibarlı tərəfdaşlıq münasibətləri qurmaqla Azərbaycan dünya siyasətində öz yerini möhkəmləndirə bilər. Bu baxış bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycanın enerji siyasətində ardıcıllıq, praqmatizm və milli maraqlara əsaslanma məhz Heydər Əliyevin qoyduğu təməl prinsiplərdən irəli gəlir.
Dövlət başçısının vurğuladığı kimi, 1994-cü ildə keçirilən ilk neft-qaz sərgisindən dərhal sonra imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji sektorunda yeni dövrün başlanğıcı oldu, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən saziş imzalandı. Bu saziş ölkəyə xarici sərmayənin cəlb olunmasında, iqtisadi sabitliyin bərpa olunmasında və beynəlxalq mövqeyinin möhkəmləndirilməsində həlledici rol oynadı. Prezident İlham Əliyev Azərbaycanın bugünkü iqtisadi göstəricilərini sadalayaraq enerji gəlirlərinin düzgün idarə edilməsinin nəticələrini belə ifadə edir:“Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır… yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.” Bu göstəricilər enerji sektorundan gələn gəlirlərin insan kapitalına və infrastruktur layihələrinə yönəldilməsinin nəticəsidir.
Azərbaycanın dünya enerji xəritəsində mühüm rolu xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə təmin olunub: “Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi… Azərbaycanın geosiyasi əhəmiyyətini artırır.” Ölkənin bu sahədə fəaliyyəti nəticəsində qaz ixrac edilən ölkələrin sayı 12-yə çatmış, yeni bazarlar üçün danışıqlar başlanmışdır.
Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətində yaşıl enerjiyə keçidin əhəmiyyətini dəfələrlə vurğulamışdır: “Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır.” 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünün 6,5 giqavata çatdırılması planlaşdırılır. Bu, təkcə daxili tələbatı qarşılamaqla deyil, ixraca yönəlik də əhəmiyyətli bir dəyişiklikdir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin qlobal ekoloji siyasətdə fəal iştirakını göstərir: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.” Bu yanaşma Azərbaycanın məsuliyyətli və realist enerji siyasətinin nümunəsidir. Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığa körpü qurmağı qarşısına məqsəd qoymuşdur.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji siyasəti yalnız milli rifaha deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə töhfə verən modelə çevrilmişdir.“Enerji bazarında məsuliyyətli aktor… müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.” Bu miras, həm iqtisadi sabitliyin, həm də strateji əməkdaşlığın əsası olaraq Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı