Tarixi nailiyyətlərdən yeni strateji hədəflərə

Azərbaycanın uğurlu enerji siyasəti nailiyyətlərimizin davamlılığını şərtləndirir. Hazırda ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları ilə diqqətdədir. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Azərbaycanın iqtisadi inkişaf səviyyəsi özünü aydın şəkildə nümayiş etdirir. Məlumdur ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında mühüm rol oynamasıdır.
Ölkəmizin gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. Açıq dənizlərə çıxışa malik olmasa da, ölkəmiz artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Hər il ənənəvi keçirilən Beynəlxalq Neft və Qaz sərgiləri ölkəmizin ötən müddətdə enerji sektorunda qazandığı uğurların təhlilini zərurətə çevirir. Bu sərgilər həm də qarşıdakı dövrün hədəflərini müəyyənləşdirir.
İyunun 2-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi, həmçinin yubiley tədbiri ilə bağlı dövlətimizin başçısına ünvanlanan təbrik məktubları, çıxışlarda səsləndirilən fikirlər Azərbaycanın bu gün dünyanın enerji xəritəsində hansı yeniliklərə imza atdığını, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu ortaya qoyur. Reallıq budur ki, ölkəmiz beynəlxalq səviyyədə etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb.Onu da qeyd edək ki, builki yubiley tədbirində Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, ümumilikdə 39 ölkədən 267 şirkət təmsil olunur. İldən-ilə iştirakçıların say tərkibində artım bir daha onu təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edildi. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycanın çətinliklərin öhdəsindən gələ və həqiqi müstəqil dövlət ola bilməyəcəyi aydın idi. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı qaranlıq mənzərə yaranmışdı. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə kimi diqqətdədir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı