22 Noyabr 2024

Qarabağdakı sülhməramlılar əsl məramına başlayıb

Ekspert: “Ermənilər Laçın koridorunu su yoluna döndərmişdilər, kim istəyirdi gəlib gedirdi, indi isə…”

Rusiya sülhməramlı kontingentinin nəzarətindəki Azərbaycan ərazilərinə xaricdən ermənilərin buraxılması dayandırılıb. Ermənistanın diaspor işləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan bildirib ki, indi yeni rejim belədir ki, həmin ərazilərə getmək istəyən xarici ölkə vətəndaşları yeddi gün əvvəldən ərizə verməlidir.

Həmin ərizələr əsasında siyahı tərtib olunur və Rusiya sülhməramlılarının qərargahına təqdim olunur. “Sonra isə kimin gələ biləcəyi, kimin gələ bilməyəcəyi həll edilir”, – Sinanyan bildirib. O əlavə edib ki, artıq bir çox xarici təşkilatların və vətəndaşların Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə daxil olmaq barədə müraciətlərinə rədd cavabı verilib. Və həmin təşkilatların, şəxslərin siyahısı var.

Qeyd edək ki, Qarabağın ermənilər yaşayan ərazilərinə daxil olmaq istəyənlərə rədd cavabının verilməsi həmin siyahının Rusiya sülhməramlıları tərəfindən Azərbaycanla da razılaşdırıldığını təsdiq edə bilər. Demək, sülhməramlılar nəhayət, öz işlərini görməyə başlayıblar. Bu da Azərbaycan tərəfinin növbəti uğuru sayıla bilər. Deməli, Rusiya və Azərbaycan Qarabağdakı vəziyyətlə bağlı daima anlaşma içərisindədir və yaranmış problemlər mərhələli şəkildə həll edilir.

Fezail Ağamalı - Vikipedi

 Fəzail Ağamalı

Bu barədə “Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirdi ki, bu, Azərbaycanın addım-addım öz məqsədinə nail olmasının göstəricisidir: “Mən deməzdim problem tam həll olundu. Amma problem həll oluna-oluna gedir. Əvvəllər də bu məsələlər barədə söyləmişəm ki, əsas işi Azərbaycanın müzəffər ordusu və xilaskar Ali Baş Komandanı həll edib. Lakin uzun illərdən bəri döyüş səhnəsindən fərqli olaraq diplomatik siyasi məsələlərin həllində zamana ehtiyac var. İndi bu proses gedir. Azərbaycan öz mövqeyini möhkəmləndirir, qarşıya qoyduğu hədəflərə çatır. Biz bu yaxınlarda da söyləmişdik ki, sülhməramlı qüvvələr bir sıra hallarda öz missiyalarını yerinə yetirmirlər, əksinə, ermənilərə dəstək verirlər, separatçı rejimi həvəsləndirən hərəkətlərə yol verirlər. Ancaq belə bir fikir də söyləmişdik ki, Rusiya Ermənistan içərisində xeyli dərəcədə nüfuzunu itirib, ermənilər gözləyirdilər ki, rus əsgərləri onların əvəzindən Azərbaycan Ordusu ilə döyüşsünlər. Lakin bu dəfə Rusiya ermənilərə bu dəstəyi vermədi, ermənilərin gözləntiləri doğrulmadı. Rusiya məsuliyyətli bir dövlət kimi neytrallığını qoruyub saxladı. Ona görə də ermənilərdə Rusiya ilə bağlı xəyal qırıqlığı əmələ gəldi. Odur ki, müharibədən sonrakı mərhələdə Rusiyaya ermənilər içində etimadını yüksəltmək lazım idi. Bu baxımdan da necə deyərlər, ermənilərin bir az nazı ilə oynamaq zərurəti meydana gəlmişdi. Rusiya sülhməramlıları bunun üçün ilkin dövrlərdə bizi təmin etməyən və öz missiyasından kənar işlərlə məşğul oldular. Artıq bu mərhələ də bitib. Azərbaycanın müvafiq strukturları Rusiya sülhməramlıları ilə əlaqələrini əvvəldən qururdu. Ortaya çıxan problemlər müzakirədən keçirilərək həll edilir. Artıq görürsünüz ki, sülhməramlıların fəaliyyətində müsbətə doğru xeyli fərq var”.

Deputat bununla belə, hesab edir ki, biz bundan tam arxayın olmamalıyıq: “Gecikmədən Ermənistanla bütün sərhədlərimizi daha da möhkəmlətməliyik. Sərhədlər möhkəmələndirilir, həm sərhəd məntəqələri yaradılır, eyni zamanda Azərbaycanın silahlı qüvvələrinin dislokasiyası həmin yerlərdə yerləşdirilir. Yəni bu gün Azərbaycan özünün ikiqat müdafiə sistemini qurur. Ermənistan hər hansı bir təxribata əl atsa, Azərbaycanın suverenliyinə zərrə qədər xələl gətirən addım atsa, ermənilərin başına od yağdırılacaq. Buna heç kimin şübhəsi olmasın. İkincisi, Laçın istiqamətində keçid məntəqəsində də məndə olan məlumata görə, müəyyən işlər görülür, eyni zamanda xəbərlər var ki, Azərbaycanın silahlı qüvvələri ilə Rusiyanın sülhməramlı qüvvələri  Laçın koridorunda birgə nəzarəti həyata keçirirlər, Azərbaycan bu məsələyə fəal şəkildə qoşulub. Bizim üçün 1 il lazımdır ki, Laçında yaşayış məntəqələrindən keçməyən koridor yaradılsın. Bununla da bağlı işlər gedir. Oradan bir quş da belə, Azərbaycanın icazəsi olmadan keçə bilməyəcək. Ermənistan diaspora nümayəndəsinin həmin açıqlamaları da gedişatın məhz belə olacağından xəbər verir. Ermənilər Laçın koridorunu su yoluna döndərmişdilər, kim istəyirdi gəlib gedirdi. İndi bu mərhələ də qapandı. Azərbaycan vətəndaşları olan ermənilərdən başqa bir nəfər də olsun kimsə o koridordan Azərbaycanın icazəsi olmadan keçə bilməyəcək. Ermənistandan istənilən adamın Azərbaycan ərazisinə gəlməsi xüsusi filtirdən keçdikdən sonra mümkün olmalıdır. Necə ki, artıq bu həyata keçirilməyə başlayır. Tam məsuliyyətlə deyirəm, yaxın zaman ərzində Xankəndidə Azərbaycanın bayrağı qaldırılacaq, ora da Azərbaycanın suverenliyi altına keçəcək”.

Şəbnəm Həsənova: Ermənistan iqtisadiyyatı defolt həddindədir | Tan.Az

Şəbnəm Həsənova

Politoloq Şəbnəm Həsənova isə bildirdi ki, bu, 10 noyabr 2020 il tarixli bəyanatın icra olunmasıdır: “Bir müddət əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim Qarabağa doğru üz tutdular. Sülhməramlılar onları Laçında dayandırarkən qrup Qarabağa getdiyini və Ermənistanda akkreditasiyadan keçdiklərini demişdilər. Sülhməramlılar isə onların Azərbaycan ərazisinə getdiklərini, Ermənistanda alınan akkreditasiyanın etibarsız olduğunu söyləyərək girişlərini qadağan etdi. Qarabağa icazəsiz səfərlərin qarşısının alınması Azərbaycanın prinsipiallığının nəticəsidir. Belə ki, bu məsələ ilə bağlı daim prinsipiallıq, qətiyyət və siyasi iradə nümayiş etdirən cənab Prezident İlham Əliyev 6 yanvar 2021-ci il tarixində keçirilmiş ötən ilin yekunlarına dair müşavirədə də bildirdi ki, Azərbaycan sülhməramlı qüvvələr qarşısında məsələ qoyub. Azərbaycanın icazəsi olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

Politoloq qeyd etdi ki, Azərbaycanın mövqeyi prinsipialdır və heç zaman bu kimi məsələlərdə də güzəştə getmir. Bunu Ermənistan da, digər dairələr də qəbul etməlidirlər: “Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın icazəsi olmadan heç bir xarici vətəndaş o əraziyə gedə bilməz. Bu, tamamilə qanunazidd bir hərəkətdir. İstənilən xarici dövlətin vətəndaşı Qarabağa səfər edərkən mütləq mənada Azərbaycandan icazə almalıdır.

Bütövlükdə, Qarabağın ermənilər yaşayan ərazilərinə daxil olmaq istəyənlərə rədd cavabının verilməsi həmin siyahının Rusiya sülhməramlıları tərəfindən Azərbaycanla da razılaşdırıldığını birmənalı olaraq təsdiq edir. Artıq demək olar ki, sülhməramlılar öz vəzifə səlahiyyətlərini dərk edirlər. Bu isə şəksiz və şübhəsiz olaraq Azərbaycan Prezidentinin qətiyyətinin növbəti əyani təzahürüdür. Bu həm də o deməkdir ki, sosial şəbəkələrdə və bəzi müxalif qüvvələrin sülhməramlılarla bağlı ən müxtəlif səpkili iddialarına baxmayaraq, Rusiya və Azərbaycan Qarabağdakı vəziyyətlə bağlı daima anlaşma içərisindədirlər və yaranmış problemlər mərhələli şəkildə həll edilir. Belə ki, Rusiya və Azərbaycan Prezidentlərinin çıxışlarında səslənən fikirlər, həm də Azərbaycanın prinsipiallığının nəzərə alınması göstərir ki, Rusiya və Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür və bu məsələdə Azərbaycanın fikri, mövqeyi son nəticə olaraq əsas götürülür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”