Ağstafada Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatının 40-cı ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, “Mərkəzi Xəstəxana”, “Doğum evi” və “Uşaq xəstəxanası” Ərazi Partiya Təşkilatlarından olan partiya fəalları iştirak ediblər.
İlk öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirilib ki, layiqli övlad, etibarlı həyat yoldaşı, fədakar ana, peşəkar həkim olan Zərifə xanım Əliyeva təkcə gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların deyil bütün Azərbaycanın qəlbində, işığında, nurunda əbədi yaşayacaqdır.
Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Uşaq xəstəxanası” Ərazi Partiya Təşkilatının sədri İradə Batıyeva və “Doğum evi” Ərazi Partiya Təşkilatının fəal üzvü, həkim Aidə Məmmədova akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından bəhs ediblər.



