Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır

9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Prezident İlham Əliyev geniş və əhatəli çıxış etmişdir. O, çıxışında Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlardan, xüsusilə ərazi bütövlüyünün bərpası və suverenliyin tam təmin olunmasından danışmışdır.
Prezident vurğulamışdır ki, Azərbaycan uzun illər işğal altında olan torpaqlarını azad etməklə yalnız hərbi yox, həm də siyasi və diplomatik cəbhədə qalib gəlmişdir. Qarabağ bölgəsində separatçı rejimin ləğvi və Xankəndinin nəzarətə götürülməsi ilə ölkənin suverenliyi tam təmin olunmuşdur.
Forum zamanı dövlət başçısı, həmçinin, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və dünyanın aparıcı ekspertlərinin ölkəmizdə toplanmasının bunun sübutu olduğunu bildirmişdir. Prezident qeyd etmişdir ki, Azərbaycan yeni dünya nizamında öz sözünü deyən, sabitlik və əməkdaşlıq təklif edən güclü dövlətdir.
Onun sözlərinə görə, Azərbaycanın geosiyasi mövqeyi, zəngin tarixi, regional layihələrdə fəal iştirakı və müstəqil siyasəti ölkənin dünya üçün strateji tərəfdaşa çevrilməsinə imkan verir. Prezident əlavə edib ki, artıq dünya Azərbaycanın mövqeyini nəzərə almalı və regionda baş verən proseslərdə onun rolunu qəbul etməlidir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı