Avropa Azərbaycanın energetika sahəsində strateji tərəfdaşıdır

Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxışında qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.
Enerji şirkətimiz – Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.
Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.
Bununla mən əməkdaşlığımızın fəal formatında əldə etdiyimiz nəticələri yüksək dəyərləndirərək, çıxışımı yekunlaşdırıram. Baxmayaraq ki, Bakıda ildə bir dəfə toplaşırıq, lakin bütün il ərzində çoxsaylı tədbirlər, görüşlər, konfranslar, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatları olur və bu format işbirliyi üçün əsas yaradır. Məşvərət Şurasında isə hər dəfə olduğu kimi, biz ötən il ərzində gördüyümüz işləri nəzərdən keçiririk və gələcək addımları planlaşdırırıq. Mən hər iki Məşvərət Şurasına uğurlar arzu edirəm.
Pərviz Şahbazov: Cənab Prezident, biz çox dəyərli şərhlərinizə görə Sizə olduqca minnətdarıq. Məşvərət Şurası həm regional, həm qlobal səviyyədə enerji təhlükəsizliyinin gücləndirilməsi üçün çox önəmli platformaya çevrilmişdir. Bu, Sizin uzaqgörən təşəbbüsünüz əsasında olmuşdur. Həm marşrutları, həm də mənbələri əhatə edən şaxələndirmə ilə bağlı verdiyiniz ardıcıl təlimatlar hazırda yaşıl enerji təşəbbüslərinə çevrilərək, Şuranın rolunu gözəl əməkdaşlığımızın təməl daşına çevirib. Biz davamlı dəstəyinizi yüksək dəyərləndiririk və Sizə səmimi təşəkkürümüzü bildiririk.
İcazənizlə, indi isə mən Məşvərət Şurasında həmsədrliyinə çox mühüm vaxtda başlayan Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensenə müraciət edirəm: Biz sizinlə sıx işləməyi səbirsizliklə gözləyirik və sizə mühüm işinizdə uğurlar arzu edirik.
Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib.
Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı