16 Aprel 2025

Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq

Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci dəfədir ki, Bakıda keçirildiyini vurğulayıb. Ölkəmizin başçısı çıxışında həmçinin Azərbaycanın ənənəvi enerji siyasəti ilə yanaşı bərpa olunan enerji strategiyasının əhəmiyyətinə toxunub. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmçinin əlaqələrin yaradılmasında mühüm rol oynadığı önə çəkilib.

Azərbaycan Prezidentinin də tədbirdə vurğuladığı kimi əsas məqsəd əməkdaşlığın gücləndirilməsi və ümumi səylərin birləşdirilməsindən ibarətdir. Bu bir reallıqdır ki, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrini reallaşdırmaq mümkün deyil. Azərbaycan bu xüsusda öz tələbatı ilə yanaşı regional və qlobal miqyasda eibarlı enerji tərəfdaşı kimi güclü mövqeyə sahibdir. Ölkəmizn həmçinin enerji sahəsində etibarlı tərəfdaş və Avropa vacib qaz təchizatçısıdır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi Azərbaycanın qaz təchizatının coğrafiyası bundan sonra da genişlənir.

Azərbaycan uzun illər ərzində etibarlı bir enerji tərəfdaşı olub və bundan sonra da belə qalmağı hədəfləyir. Prezident İlham Əliyev Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin də dediyi kimi, Azərbaycanın qaz təchizatında etibarlı və strateji tərəfdaş olduğunu vurğuladı. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə ixrac olunur və bunların 10-u Avropa ölkəsidir. Avropa ölkələrinin qazpaylama şəbəkələrinin yaradılmasında iştirak edən Azərbaycan, təbii qaz şəbəkələrinin genişlənməsinə də töhfə verir. Bu istiqamətdə davam edən işlər Azərbaycanın Avropadakı qaz təchizatını genişləndirməyə və daha çox ölkəyə təbii qaz ixrac etməyə imkan verir. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı.

Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası, onun boru kəməri sistemlərinin genişləndirilməsini zəruri edir. Ölkə başçısı qeyd etdi ki, bu layihə artıq tam gücü ilə işləyir və daha da inkişaf etdirilməlidir. Cənub Qaz Dəhlizinin üç əsas hissəsi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP artıq tam şəkildə fəaliyyət göstərir. Lakin gələcəkdə bu infrastrukturun genişləndirilməsi üçün əlavə sərmayələrə ehtiyac var. Bu mövzuda beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlıq vacibdir. Prezident, eyni zamanda, beynəlxalq maliyyə qurumlarının neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə bağlı mövqelərini yenidən gözdən keçirmələrinin vacibliyini bildirdi. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki ən böyük uğurlu layihəsidir. Cənub Qaz Dəhlizi, Avropa ilə enerji əlaqələrini möhkəmləndirən və Azərbaycanı Avropanın təbii qaz təchizatında vacib tərəfdaşa çevirən mühüm bir layihədir. Hazırda bu layihə ilə bağlı müzakirələrə qatılan ölkə və şirkətlərin sayının artması əməkdaşlığın genişlənməsini göstərir. Həmçinin, Prezident bu toplantılarda qeyd etdi ki, hər dəfə yeni tərəfdaşlar, investorlar və iştirakçılar bu layihəyə qoşulurlar, bu isə əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı