Avropa Azərbaycan qazına ehtiyac duyur

Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat
Prezident çıxışında bildirib ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq.
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın inkişafını xüsusi vurğulayaraq bildirib ki, son ayların müsbət əlamətlərindən biri də Azərbaycan və Şimali Makedoniya arasında energetika sahəsində əməkdaşlığın başlanmasıdır. Azərbaycan qazı artıq Şimali Makedoniya bazarına çatdırılıb və bu proses keçən ilin sonunda baş verib. Bu il isə Azərbaycan müntəzəm olaraq Şimali Makedoniyanı təbii qazla təmin edəcək. Gələcəkdə tələbat olduğu təqdirdə qaz təchizatının artırılması da mümkündür, çünki hazırda Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır.
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrin coğrafi yerləşməsi Avrasiya məkanını əhatə edir. Onlardan 10-u Avropa ölkəsidir. Ötən il Azərbaycan xarici bazarlara 25 milyard kubmetr qaz tədarük edib. Ölkənin qaz istehsalı isə bu rəqəmdən daha çoxdur, çünki daxili tələbat da tam ödənilir. Bununla yanaşı, qaz ixracının coğrafiyasının genişləndirilməsi gündəlikdə duran əsas məsələlərdən biridir.
Energetika sahəsində ikitərəfli əməkdaşlıq Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və ümid edirik ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əlaqələrin genişlənməsinə töhfə verəcək.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı