12 Mart 2025

Enerji sahəsində əməkdaşlıq inkişaf edir

Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat

Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq.

Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm.

Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı