03 Mart 2025

Azərbaycan-Pakistan əlaqələri – qardaşlıq və dostluq nümunəsi

Məlumdur ki, Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərlərə və şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin qardaş ölkənin liderləri ilə birgə möhkəm təməllər üzərində qurduqları dostluq, qardaşlıq münasibətlərinə söykənir. Hər zaman Azərbaycanın haqq səsini dəstəkləyən rəsmi Islamabad, ölkəmiz müstəqillik qazandıqdan sonra daima qardaş Türkiyə qədər bizə göstərdiyi qardaşlıq münasibəti ilə fərqlənib.

Təkcə onu xatırladaq ki, Pakistan dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bildiyimiz kimi ölkələrimiz arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub. Paytaxt Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb. Azərbaycan və Pakistan arasındakı hərtərəfli əlaqələrin inkişafında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xüsusi xidmətləri olub. Məhz Ulu Öndər Heydər Əliyev qardaş Pakistan dövləti ilə olduqca mükəmməl münasibətlər qurulmasına nail olub. Xüsusilə qeyd etmək yerinə düşər ki, qarşılıqlı etimad, sevgi, səmimi dostluq, qardaşlıq münasibətlərindən yüksəkdə dayanan heç nə yoxdur. Ən önəmlisi isə odur ki, iki ölkə arasındakı münasibətlər sağlam təməllər üzərindən qurulub, zamanın sınaqlarından çıxıb.

Bu gün iki ölkə liderlərinin səyləri sayəsində Azərbaycan-Pakistan münasibətləri öz inkişafının ən yaxşı dövrünü yaşayır. Azərbaycanın Vətən Müharibəsində Qələbəsindən və antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni, sabit və uzunmüddətli perspektivlər vəd edir. Pakistanın baş nazirinin Azərbaycana dövlət səfəri iki döst, qardaş ölkələr arasındakı münasibətləri yeni səviyyəyə qaldıracaq, qarşılıqlı əlaqələrə yeni impuls verəcək.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan-Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, bu qarşılıqlı dəstək isə ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır. Baş nazir Məhəmməd Şahbaz Şərif Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edir. Azərbaycan bütün məsələlərdə, o cümlədən Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Ölkəmizin Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır. Pakistan Senatı 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.

İstər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana daim dəstəyini nümayiş etdirib. Vətən müharibəsinin başlandığı ilk gündən qardaş Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycanın yanında olduğuna, siyasi və mənəvi dəstək göstərdiyinə bütün dünya şahidlik etdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanın, Türkiyənin və Pakistanın bayraqları hər yerdə birgə dalğalanırdı. Bu, dostluğun, qardaşlığın təqdimatı idi.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı