Xocalı faciəsinin 33 iliyi ilə bağlı Bərdə Mədəniyyət Mərkəzi tədbir təşkil edib.

Fevralın 25-də Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi “Qəhrəmanlar Parkı”nda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Xocalıda doğan günəş” mövzusunda kompozisiya təşkil edib.
İlk öncə Xocalı faciəsi qurbanlarının və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə mövzu ilə bağlı, Xocalı faciəsinin xronikası, qədim tarixə malik, ərazisində bizim e. ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələrinin yerləşdiyi rayonun yandırılıb məhv edilməsi, mülki əhalinin qəddarlıqla qətlə yetirilib, əsir götürülməsi haqqında çıxışlar səslənib. Bu acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması zəruriliyi vurğulanıb.
Qeyd olunub ki, erməni qəsbkarlarının vəhşiliyi nəticəsində həlak olmuş soydaşlarımızın qisası müzəffər ordumuzun şanlı qələbəsi sayəsində alındı. Artıq torpaqlarımız azad, qayıdışımız əbədidir.
Tədbirdə Bərdə şəhər S.Behbudov adına 6 saylı tam orta məktəbinin şagirdlərinin hazırladığı kompozisiya ilə davam edib.




