Xocalı soyqırımı – bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Qocalara, uşaqlara, qadınlara və əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır və BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.
Xocalı soyqırımının baş verməsindən bir neçə gün sonra dünyanın tanınmış mətbu orqanları – Krua ıEveneman jurnalı(Paris), “Sandi Tayms” (London), “İzvestiya”(Moskva) və digər xarici qəzet və jurnallar erməni vəhşiliklərini açıq şəkildə göstərərək bunların azərbaycanlıların təbliğatı deyil, reallıq olduğunu qeyd etmişlər.
Azərbaycan dövləti və xalqımız Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmur və onu bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir. İlk öncə onu qeyd etmək lazımdır ki, “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş və Prezidentin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri işğaldan tam azad edildi. Bu qələbə, yalnız torpaqlarımızın geri qaytarılması ilə məhdudlaşmadı, həm də illərdir qanlı faciənin acısını yaşayan xalqımız üçün ədalətin bərpası oldu.
Xocalının işğaldan azad olunması Azərbaycan xalqı üçün təkcə bir hərbi zəfər deyil, həm də mənəvi qələbə idi. Bu şəhidlərimizin qanının yerdə qalmadığını, uzun illər boyu haqsızlığa məruz qalan Xocalı qurbanlarının ruhunun nəhayət şad olduğunu göstərdi. Bu hadisə təkcə Azərbaycan üçün deyil, eyni zamanda beynəlxalq səviyyədə də ədalətin bərqərar olmasının bariz nümunəsidir.
Azərbaycan Ordusunun bu şanlı zəfəri Xocalı qurbanlarının ruhunu sevindirdi. İllərlə düşmən tapdağı altında qalan bu torpaq nəhayət öz doğma xalqına qovuşdu. Xocalı şəhidlərinin ailələri və doğmaları üçün bu qələbə, qismən də olsa, bir təsəlli oldu. Onlar əmindirlər ki, Azərbaycan xalqı və dövləti şəhidlərinin qanını yerdə qoymadı və onların xatirəsini daim uca tutacaq. Bu tarixi an bütün şəhidlərimizin əziz xatirəsini bir daha anmaq və onların göstərdiyi şücaətin əbədiləşdirilməsi üçün əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq işləri nəticəsində Xocalı yenidən abadlaşır, şəhərin əvvəlki görkəmi bərpa edilir və oraya həyat qayıdır.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının əməkdaşı