25 İyun 2025

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur

Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsi şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır.

Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmizlə bağlı danışdım. Lakin, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.

Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və yenidən başlayacağıq.Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir.

Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin. Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, əminik və nikbin fikirdəyik. Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı