08 Fevral 2025

Azərbaycan qazının Ukrayna ərazisindən nəqli müzakirə olunur – Ukrayna XİN

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan qazının Ukrayna ərazisindən nəqlini təmin etmək üçün işlərin aparıldığını təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy xarici siyasət idarəsinin “Facebook” səhifəsində yayımlanan brifinqdə açıqlayıb.

O, bildirib ki, “Azərbaycan qazının nəqli imkanları üzərində iş davam edir”.

Tixiy vurğulayıb ki, söhbət Azərbaycandan qaz adı altında hansısa başqa ölkənin yanacağının tranzitindən getmir: “Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın rolundan gedir. Həqiqətən də bu iş aparılır və davam edir”.

Qeyd edək ki, Rusiya qazının Ukrayna üzərindən nəqli bu ilin 1 yanvarından dayandırılıb. 2024-cü il ərzində dəfələrlə Azərbaycan qazının Ukrayna üzərindən nəqli məsələsi qaldırılıb. Axırıncı dəfə Davos İqtisadi Forumunda Azərbaycan və Ukrayna prezidentləri arasında bu məsələnin müzakirə olunduğu açıqlanıb.