20 Yanvar günü Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir

20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir
Azərbaycan xalqının tarixinə, qan yaddaşına Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Bu hadisəyə ən dəqiq tarixi qiyməti Ulu Öndər Heydər Əliyev verib: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin ilk illərdə ölkəyə səriştəsiz, şəxsi ambisiyalarının quluna çevrilən ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük təhlükələrlə, faciələrlə üz-üzə qoydu. Belə çətin məqamda yenə də xalqının yanında Ulu Öndər Heydər Əliyev oldu. Belə ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi tarixi nailiyətimiz kimi dəyərləndirərək onun möhkəmləndirilməsini, qorunmasını hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirdi. Belə bir çağırışı səsləndirmişdir ki, Azərbaycanın müstəqilliyini və suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birlik tələb olunur. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində inamla addımlayan Azərbaycan son 21 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun laqiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı. Son dörd ildə bütün uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün bərpasının sevincini və yaratdığı yeni reallıqları yaşayırıq. Bu gün Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. 2023-cü ilin sentyabrında rəşadərli Ordumuzun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu, ölkəmizin həyatında yeni dövr başladı. Müstəqilliyimiz, suverenliyimiz əbədidir, sarsılmazdır. Müasir müstəqil Azərbaycan Günəş kimi dünyaya doğmaqla yanaşı, tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə ədalətin və beynəlxalq hüququn mövcudluğunu təsdiqlədi. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı