Ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsində xalqımız əminliklə gələcəyə baxır

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev müsahibəsində faktiki olaraq ötən dövrü bütün parametrlər üzrə qiymətləndirdi, habelə prioritetləri bəyan etdi. Əlbəttə, bir daha aydın oldu ki, Qarabağın bərpası, Qayıdış prosesi, Zəngəzur dəhlizi və ölkənin inkişafı, sosial-iqtisadi rifahın daha da yaxşılaşdırılması, təhlükəsizlik məsələləri əsas hədəflərdir. Bu yöndə atılacaq addımlar barədə dövlətimizin başçısı ətraflı məlumatlar verdi. Eyni zamanda ölkə başçısı qeyd etdi ki, 2024-cü il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artmış, qeyri-neft sektoru üzrə isə 6 faizdən artıq artım qeydə alınmışdır. Bu, dövlətin iqtisadiyyatın diversifikasiyası istiqamətində apardığı islahatların və dəstək tədbirlərinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafı üzrə aparılan tədbirlər, xüsusilə kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində yeni layihələrin həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Prezident həmçinin enerji sektorunda əvvəlki illərdə müşahidə olunan tənəzzülün dayandırılması və neft hasilatında sabitləşmənin əldə olunmasının vacibliyini vurğuladı. Bu istiqamətdə Azərbaycanın beynəlxalq tərəfdaşları ilə əməkdaşlığının davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev əhalinin sosial rifahının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qeyd etdi. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, 2024-cü ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılmışdır. Pensiya və müavinətlərdə də artımlar müşahidə olunmuşdur ki, bu da ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş addımlardan biridir. Sosial sahədə həyata keçirilən digər mühüm tədbirlər arasında təhsil, səhiyyə və sosial müdafiə sahələrində infrastrukturların təkmilləşdirilməsi və yeni layihələrin icrası xüsusi vurğulandı.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri kimi, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsini vurğuladı. O, Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığını daha da gücləndirmək məqsədilə apardığı danışıqların müsbət nəticələr verdiyini bildirdi. Eyni zamanda, Prezident Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrindəki fəallığını və dünya dövlətləri ilə ikitərəfli əməkdaşlığını davam etdirəcəyini qeyd etdi. Azərbaycanın tranzit-logistika imkanlarının genişləndirilməsi və beynəlxalq enerji bazarındakı rolunun gücləndirilməsi istiqamətində yeni layihələr gündəmdədir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın 2024-cü ildə qazandığı uğurları təhlil etmək və 2025-ci il üçün planları müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkənin davamlı iqtisadi inkişafını təmin etmək, əhalinin rifahını artırmaq və beynəlxalq arenada daha güclü mövqe qazanmaq üçün dövlətin qarşıya qoyduğu strategiyalar Azərbaycanın gələcək uğurlarının əsasını təşkil edir. Bu müsahibə, həmçinin dövlətin sosial-iqtisadi siyasətinin şəffaflığını və hesabatlılığını nümayiş etdirir, ictimaiyyətə gələcək planlar haqqında məlumat verir. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni nailiyyətlərə doğru irəliləməyə davam edəcək.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı