Paşinyanın mitinqinə Azərbaycan müxalifətindən fərqli reaksiyalar – revanş istəmirlər…
Ermənistanın baş naziri Nikol Paşinyanın martın 1-də xalqı meydana çağırması və tərəfdarları ilə birgə yürüş keçirməsinə azərbaycanlı siyasilərdən müxtəlif prizmalardan yanaşmalara rast gəlmək olar.
Musavat.com xəbər verir ki, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli Paşinyan tərəfdarlarının mitinqini Rusiyaya qarşı deyil, köhnə rejimə, Köçəryan-Sarkisyan dəstəsinə qarşı olduğunu düşünür. Onun fikrincə düz 13 il əvvəl Sarkisyan saxta yolla prezident seçiləndə mitinq olmuşdu, küçədə 10 nəfər nümayişçi vəhşicəsinə qətl edilmişdi, Nikol məhz buna görə mitinqi dünən – bazar günü deyil də, bazar ertəsinə, martın 1-nə saldı ki, o günü ananların sayı çox olsun, yaddaşlar təzələnsin: “Ermənistana düşmən deyirik, amma düşmənizi də tanımırıq, doğru analiz edə bilmirik. Nikolun alternativi oğru, korrupsioner, qatil xunta nümayəndəlidir – xalq onlara etiraz edib Paşinyana dəstək göstərir.
Rusiya, təbii ki, Nikolu sevmir, dəyişmək istəyir, amma indi yox – zəifləmiş Paşinyan Kreml üçün indiki zamanda əsl “yemdi”. Nə vaxt yerinə xalqın, heç olmasa, 50%-nin dəstəklədiyi birini tapsa, həmən dəyişəcək – sadəcə problem odur ki (Kreml üçün), Ermənistanda yeni nəsil artıq mental olaraq Rusiyadan qopub, siyasi və iqtisadi olaraq da qopmaq istəyir, ona görə də Kreml hələlik “pat” vəziyyətinə düşüb”.
Müsavat Partiyasının üzvü, tarixçi Yadigar Sadıqlı hesab edir ki, inqilab dövrü ilə müqayisədə Paşinyanın populyarlığı azalıb: “Bu, təbii prosesdir, istənilən halda populyarlığın pikindən sonra eniş labüddür. Üstəlik, Qarabağda o boyda sarsıdıcı məğlubiyyətin fonunda. Amma son aylarda gedən proseslər, bugünkü mitinq də göstərir ki, heç nəyə baxmayaraq, Paşinyan Ermənistanda ən populyar siyasətçidir.
Maraqlı haldır. Düşünmürəm ki, Paşinyanın xüsusi xarizması, əlahiddə siyasi keyfiyyətləri var. Məncə, baş verənlər erməni cəmiyyətinin artıq başqa istiqamətdə getmək istəməsinin təzahürüdür. Həmin istiqamətin simvolu isə yalnız Paşinyandır. Qalan siyasətçilər indiyə qədər gedilən və ermənilərin bəlkə də özlərinin dərk etmədən, təhtəlşüurda bezdikləri istiqamətin mücəssəməsidirlər. Buna görə də populyar ola bilmirlər, ağır hərbi məğlubiyyətdən belə yararlana bilmirlər.
Ermənilərin köhnə istiqamətdən, köhnə təmayüldən imtina etmələri özlərinin də, bütün qonşularının da xeyrinə olar”.
Müsavat Partiyasının başqanı Arif Hacılı bir cümlə ilə reaksiya verib: “Daha bir postsovet ölkəsi Rusiya əsarətinə yox deyir”.
AXCP sədri Əli Kərimli yazıb ki, bu mitinq təkcə Paşinyana dəstək mitinqi deyil: “Bu mitinqdəki kütləvilik həm də o deməkdir ki, erməni xalqı 10 noyabr atəşkəs razılaşmasından prinsipcə razıdır. Bundan artığını əldə edəcəyini düşünmür. Xalq olaraq şüuraltında qəbul edib ki, məhz biz azərbaycanlılar bu münaqişədə haqlı və güclü tərəfik. Erməni xalqı 30 il ərzində cəlb olunduğu Qarabağ avantürasından bezib və bu yükdən qurtulmaq istəyir. Azərbaycanla yeni savaş, revanş istəmirlər. Revanş və yeni savaş istəyinin sifarişi xaricdən gəlir və korrupsioner köhnə erməni hakimiyyətinin qalıqları tərəfindən dəstəklənir”.
Emil Salamoğlu
Musavat.com