22 Fevral 2025

Bərdədə xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş “Nəğməli miras” adlı tədbir təşkil edilib

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyi münasibətilə “Nəğməli miras” adlı tədbir təşkil edib.

Media1.az-ın xəbərinə görə , tədbirdə Bərdə rayon Asan Xidmət Mərkəzinin əməkdaşları, 105 nömrəli Peşə litseyinin və Bərdə İdarəetmə və Texnalogiya kollecinin şagird və müəllim kollektivi, Bərdə musiqi məktəblərinin kollektivləri , Muzey əməkdaşları, Kitabxana və klub mədəniyyət evlərinin əməkdaşları iştirak edib.

Tədbirdə söz əvvəlcə gənc yazar Valeh Qocaya verilib. Gənc şair Nəbi Xəzrinin yaradıcılığından bəhs edərək şeirsevərləri 100 illik yubiley münasibətilə təbrik edib. Ziyafət Balıyev adına Yenidaşkənd Mədəniyyət Evinin bədii rəhbəri , şair Aqşin Hacızadənin poetik misralar üzərində qiraəti musiqi ilə ahəngdar uzlaşaraq tədbirdə xüsusilə xoş əhval -ruhiyyə yaradıb. Tədbirin fəxri qonağı Günel Əliqızının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bir-birinin ardınca təqdim olunan musiqi nömrələri Nəbi Xəzri yubileyinə məxsusi rəng qatıb.

Sonda Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova çıxış edərək tədbirin keçirilməsinə töhfə verən hər kəsə təşəkkürlərini bildirib.

Onu da qeyd edək ki, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin anadan olmasının 100 ili tamam olur. Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir.

Musa Muradlı- Media1.az