09 Noyabr 2024

Türk Dövlətləri Təşkilatı (TDT) əməkdaşlıq və inkişafı daha da gücləndirmək məqsədilə yaradılmışdır

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət sahəsində öz uğurlarını daha da inkişaf etdirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb. Bununla əlaqədar Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı xeyli artıb. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib.

2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.

Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Növbəti belə səfər noyabrın 6-da baş tutub. Ölkəmizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkekə gəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi etdiyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin Hökumət Başçıları da iştirak ediblər.

Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu son iki ildə Qırğız Respublikasına üçüncü səfəridir. Hər səfər zamanı ölkədə şahidi olduğu inkişafa görə Qırğız Prezidenti Sadır Japarovu təbrik edib. Türk dünyası öz tarixi kökləri ilə möhkəm bağlılığı, ortaq dili, adət-ənənələri və mədəniyyət zənginliyi ilə tanınır. Min illər boyunca türk xalqları müxtəlif coğrafiyalarda yerləşsələr də, ortaq dəyərlər onları həmişə bir araya gətirmişdir. Bu birliyin müasir ifadəsi olaraq Türk Dövlətləri Təşkilatı (TDT) əməkdaşlıq və inkişafı daha da gücləndirmək məqsədilə yaradılmışdır. Bu təşkilatın əsas missiyası türk dünyasının müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində birgə fəaliyyət göstərməsini təmin etməkdir.

Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında da xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır və olduqca yüksək dəyərləndirilir. O, istər fərqli siyasi-ideoloji mühitin, o cümlədən sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çoxsaylı çağırışlarla üzləşdiyi müstəqillik dövründə Türk dünyasında birlik və həmrəyliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirmişdir.

Ümummilli Liderin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara əsaslanan, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur. Dövlət başçısı Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə böyük önəm verir.

Prezident İlham Əliyevin ideya və təşəbbüsü əsasında 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, mütəmadi olaraq mühüm qərarların qəbul olunduğu Zirvə görüşlərinin keçirilməsi və digər amillər çoxtərəfli əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yolunu keçərək beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı