21 Noyabr 2024

Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı

2020-ci il noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.

44 günlük İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi kimi dəyərləndirilir. 44 günün hər günü tarixə Zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək işğalçını torpaqlarımızdan qovdu.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı  Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.  Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalardan keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan  qovub çıxardı.

Vətən müharibəsinin başlandığı andan əsas hədəflərdən biri Şuşanın işğaldan azad edilməsi idi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin gedişi zamanı xarici mətbuata çoxsaylı müsahibələrində “Şuşasız bizim işimiz yarımçıq olar” fikirlərini səsləndirməklə diqqəti bu hədəfimizə yönəltdi. Bu fikirlərin davamı olaraq  noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən isə böyük qürur hissi ilə bəyan etdi ki, mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Ölkə Prezidenti müraciətini bu çağırışla bitirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü kimi təsis edildi.  2021-ci ilin 14 yanvar tarixində isə   dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri