21 Noyabr 2024

Azad edilmiş torpaqlara həyat qayıdır

Tarixi Zəfərimizin dördüncü ildönümünü qeyd edirik. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb ki, bu, yeni nəsil müharibə üsuludur. Planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Dövlət başçısı İlham Əliyev bu münasibət ilə xalqa müraciətində bildirdi ki, bəyanat bizim şanlı qələbəmizdir: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm…İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.” Cənab İlham Əliyev onu da qeyd etdi ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad etdi. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin, ümumilikdə 44 gündə   300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırdıq.  Paşinyan məcbur olub bu bəyanata öz imzasını atdı. Bu bəyanat uzun illər davam edən işğala son qoydu.

44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” Prezident-Xalq-Ordu birliyinin, həmrəyliyinin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı.

Azərbaycanın tarixində yeni səhifə açılıb. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin torpaqları tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğumuzu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş quruculuq işləri gedir. Qələbəmizin əbədiləşdirilməsi üçün mühüm addımlar atılır.  Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Müasir tələblər səviyyəsində qurulan torpaqlarımıza soydaşlarımızın qayıdışı mərhələli şəkildə həyata keçirilir. Hazırda 5 şəhər və 4 kənd sakinlərinə qovuşub.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması rəmzi məna daşıyır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə oldu. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə ucaltdı. Dövlət başçısı İlham Əliyev Xankəndidən xalqa müraciətində böyük qürur hisi ilə bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək.

Artıq dörd ildir ki, bütün tarixi günləri, bayramları Zəfər ovqatında qeyd edirik. 9 Noyabr- Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayrağımız milli qürurumuz, kimliyimizdir. Üçrəngli bayrağımız dörd ildir işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər ruhlu Dövlət Bayrağı Günün mübarək, qalib Azərbaycan xalqı!

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri