21 Dekabr 2024

Dəm qazı can almaqda davam edir – təkcə ötən ay…

Bu il dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 54 nəfər müraciət edib.

Təkcə ötən ay isə dəm qazı ilə bağlı 14 müraciət daxil olub. Onlar da orta ağır vəziyyətə daxil olublar və zəruri yardımlar olunub, ölüm halının baş verməsinin qarşısı alınıb.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O qeyd edib ki, dəm qazının qoxusu olmadığı üçün qapalı şəraitdə diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, dəm qazından zəhərlənmə əsasən hamam otağında baş verir, bunun üçün də həssas məqamlar nəzərə alınmalıdır.

Qeyd edək ki, ən çox dəm qazı ilə zəhərlənmə suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi səbəbindən baş verir. Buna görə də təhlükəsizlik üçün bu məsələlərə diqqətlə yanaşılmalı, vaxtında yoxlanış həyata keçirilməlidir.