21 Noyabr 2024

Paşinyan onları yoxladı, video çəkdirib paylaşdı: “Ruslarsız daha yaxşıdır” mesajı verildi

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə, “bizə ruslarsız daha yaxşıdır”, mesajını verib

Musavat.com Paşinyanın özünə (Facebookdakı birbaşa paylaşımına) istinadla xəbər verir ki, baş nazir “Zvartnots” hava limanını yoxlamaq qərarına gəlib.

Yoxlamadan çəkdirdiyi xüsusi videosunu özünün Facebook səhifəsində yerləşdirən Paşinyan 1-ci şəxsin təkində bunları yazıb:

“Zvartnots” beynəlxalq hava limanında Ermənistan sərhədçilərinin yeni şəraitdə fəaliyyəti ilə tanış oldum. Son dönəmdə “Zvartnots” beynəlxalq hava limanında Ermənistan sərhədçilərinin fəaliyyəti yeni reallıqların tələblərinə uyğun olaraq ciddi dəyişikliklərə məruz qalıb. Bu, ölkənin təhlükəsizliyinin gücləndirilməsi və sərhədlərin daha ciddi nəzarət altına alınması məqsədilə həyata keçirilir. Yeni şəraitdə sərhədçilərin işini müşahidə edərkən, onların müasir texnologiyalardan istifadə etməklə ölkənin təhlükəsizliyini təmin etməyə yönəldiyi diqqətə çatdırıldı. Ermənistanda sərhəd təhlükəsizliyi beynəlxalq standartlara uyğun tənzimlənir”.

Əslində isə Paşinyanın əsas məqsədi hava limanındakı görüntülərlə hava basmaqdır:

“Rusiya sərhədçilərini mən çıxartdım, bunu heç kim bacarmamışdı, mən bacardım, görün mən necə ağıllı və qabiliyyətliyəm. “Zvartnos” ruslarsız necə də gözəl işləyir, bizə rus sərhəçiləri olmayanda, daha yaxşı, daha təhlükəsizdi…”

Onun bütün gərdişinin mənası bu cümlələrlə ifadə oluna bilər.

Musavat.com xatırladır ki, əslində, baş verənlər Ermənistan baş nazirinin qələbəsi deyil, Paşinyanın Rusiya ilə gizli anlaşmasının nəticələridir. Həmin anlaşma əsasında artıq Rusiya sərhədçiləri İran sərhədlərini də tərk edir. Əvəzində isə anlaşmaya görə, Rusiya yaxın zamanlarda açılacaq Zəngəzur dəhlizinə tam nəzarəti həyata keçirəcək. Eyni zamanda hazırda Ermənistan Rusiyaya yönəlik sanksiyaların “dəlinməsində” də aktiv iştirak edir. İrəvan hökuməti Rusiyanın sanksiyalara düşən mallarını “re-export” edərək, dünya bazarına çıxardır. Eləcə də, Hindistandan və İrandan gələn silahları – dron, raket və s. – Rusiyaya ötürür. Hazırda bu iki ölkə arasındakı ticarət dövriyyəsi fantastik və mümkün olmayacaq bir rəqəmə çatıb – 14 milyard dollar!

Bir sözlə, Paşinyan hazırda qaçaqmalçılığın çörəyini yeyir, “fors”unu atır. Putinlə bərabər milyardlar qazanırlar, üzdə düşmənçilik oynayıb, arxada dostluqlarını möhkəmlədirlər. “Zvartnos” Putinin ona milyardlar qazandıran gizli dostuna hədiyyəsidir…