21 Noyabr 2024

Bərdədə şəhid Devran Nayıbovun anım günü keçirilib

Tədbirdə Bərdə rayonunun soxsaylı ictimaiyyət nümayəndələri iştirak ediblər.

Media1.az-ın xəbərinə görə, Şəhid Devran Nayıbovun əziz xatırəsi ilkin olaraq məzarı başında anılıb. Ziyarətə gələnlər şəhidin məzarına güllər düzüblər. Sonra ehtiram çıxışları söylənilib.

Sonda şəhidin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Onu da qeyd edək ki, Devran Nayıbov 44 günlük Vətən müharibəsində düşmənə qan udduran xüsusi təyinatlı qoşunların qəhrəman üzvlərindən biri idi.
Sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayan gündən Devran Nayıbov da torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Buna görə də Ali Baş Komandan İlham Əliyevin hücum əmrini səbirsizliklə gözləyirdi və bu əmr verildikdən sonra böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı.

Devran Fazil oğlu Nayıbov 1993-cü il noyabrın 29-da Bərdə rayonunda anadan olub. O, 2011-ci ildə Bərdə şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbi bitirib. O, 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidməti dövründə kəşfiyyatçı olub. Devran nümunəvi hərbi xidməti ilə həmişə fərqlənib və buna görə də rəhbərlik tərəfindən dəfələrlə təltif olunub. Onun arzusu xüsusi təyinatlı qoşunlarda xidmət etmək olduğu üçün həqiqi hərbi xidməti başa vurduqdan sonra da bu sistemdə çalışmağa qərar verib. Təbii ki, Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq elə də asan deyildi.

O, 2016-cı ildə qardaş Türkiyədə döyüş hazırlığı kursunu müvəffəqiyyətlə bitirməsi barədə sertifikat almışdır. 2018-ci ildə Türkiyədə keçirilən “EFES- 2018” beynəlxalq hərbi təlimlərdə otuz iki ölkə arasında birinci yerə layiq görülüb. Bundan başqa ayrı-ayrı vaxtlarda Devran Pakistanda, İsraildə, Özbəkistanda, Tacikistanda və Qazaxıstanda hərbi təlimlərdə və yarışlarda iştirak etmiş və ölkəmizin hərbi qüvvələrini ləyaqətlə təmsil edib. O, Türkiyədə və respublikamızda müxtəlif hərbi kursları bitirməsi barədə sertifikatlar almış,müxtəlif illərdə komandanlıq tərəfindən fəxri-fərmanlarla təltif edilib. Kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək öyrədilirdi. Yəni bu qurumda xidmət etmək üçün çox ağır sınaqlardan keçmək lazım idi. Dözümlü və cəsarətli olanlar kurslardan uğurla çıxır, kursun sonuna çox az adam qalırdı.Devran Nayibov 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində iştirak etmiş,komandanlıq tərəfindən verilən tapşırıqları cəsarətlə yerinə yetirib.

Beləliklə, Devran xüsusi təyinatlı qoşunlarda xidmətini “maxe” kimi davam etdirib, daha sonra kiçik gizir rütbəsinə kimi yüksəlib. Xüsusi təyinatlı kimi Devran Nayıbov şanlı Aprel döyüşlərinin də iştirakçısı olub.
Devran üç bacının bir qardaşı idi. Özü də subay idi. Ailə üzvləri söyləyirlər ki, Devran torpaqlarımızın erməni işğalında olması ilə barışa bilmirdi. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra onun xüsusi təyinatlı qüvvələrdə xidmət etməsinin əsas səbəbi də bu idi. O inanırdı ki, gün gələcək işğal altında olan torpaqlarımız azad olunacaq.

Azərbaycan Ordusunun kiçik giziri olan Devran Nayıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Devran döyüşlər zamanı həmişə öndə olub, digər əsgər yoldaşları ilə düşmənə qan uddurub.

Devran Nayıbov oktyabrın 7-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. O, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ailə üzvləri qeyd edirlər ki, bu gün Devranın ruhu şaddır. Çünki onun həmişə arzusu gerçəkləşib – torpaqlarımız işğaldan azad edilib. Valideynləri, bacıları Devranla qürur duyurlar, çünki torpaqlarımızın işğaldan azad olunmasında, bu tarixin yazılmasında onun da imzası var…