24 Dekabr 2024

Bayden Paşinyanı xilas edəcəkmi? – Yeni ABŞ administrasiyası testdən keçir

Ermənistanı Misir yoluna itələyirlər

2003-cü il. Noyabrın 2-də Gürcüstanda diktaturaya qarşı “Qızılgül inqilabı” başladı. 2004-cü ilin yanvarın 4-də isə sülh şəraitində davam edən inqilab qələbə ilə başa çatdı. Gürcüstanın ikinci prezidenti (əslində o, 1992-ci ildən Gürcüstana rəhbərlik edib), Sov. İKP MK Siyasi Bürosunun sabiq üzvü, SSRİ-nin sabiq xarici işlər naziri (1985-1990) olmuş Eduard Şevardnadze ABŞ-da hüquq təhsili almış (Kolumbiya Universiteti) Mixail Saakaşvilinin (Gürcüstanın üçüncü prezidenti (2004-2013)) tərəfdarları tərəfindən istefaya getməyə məcbur edildi.

Cənubi Qafqazda Rusiyanın yuxusunu ərşə çəkən “Qızılgül inqilabı” Gürcüstanı Rusiyanın təsir dairəsindən qopardı. Mixail Saakaşvili dönəmində Gürcüstan sürətlə Qərbə inteqrasiya etməyə başladı. Və bu yön dəyişikliyi Gürcüstana çox baha başa gəldi. Ölkənin bir parçası olan Abxaziya və Cənubi Osetiya Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəticəsində de-fakto müstəqillik (2008) qazandı.

2013-cü ildə Mixail Saakaşvili seçkiləri uduzdu və iqtidardan getdi. Ancaq bu gediş Gürcüstanın Qərbə orientasiyasına əlavə problem yaratmadı. Gürcüstan bu gün də Qərbin Cənubi Qafqazdakı ən etibarlı müttəfiqi kimi qəbul olunur. Təbii ki, Gürcüstanın ərazi bütövlüyünə sarsılmaz zərbə endirmiş Rusiyaya münasibət son dərəcə mənfidir.

“Narıncı inqilab” — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı “Narıncı” inqilab başladı. Nəticədə Rusiyanın dəstəklədiyi Viktor Yanukoviç yox, Qərbə bağlı Viktor Yuşenko prezident kürsüsünə qalxdı. Ancaq 2005-ci il yanvarından prezident vəzifələrinin icrasına başlayan Viktor Yuşenki 2010-cu il prezident seçkilərində məğlub olaraq hakimiyyəti Viktor Yanukoviçə təhvil verməli oldu.

2013-cü ilin noyabrında Kiyevdə tarixə Avromeydan kimi daxil olan kütləvi etiraz aksiyaları başladı. Səbəb Rusiya ilə bağlı idi. Viktor Yanukoviç rəsmi Moskvanın təzyiqi ilə Ukrayna-Avropa Birliyi Assosiasiya müqaviləsinə imza atmaqdan imtina etdi və Ukraynanı yenidən Rusiyanın orbitinə qaytarmaq istiqamətində addımlar atdı. Xalq impiçment tələbi ilə küçələrə axışdı. Prezident 22 fevral 2014-cü il tarixində xalqın təzyiqi altında ölkədən qaçdı və parlament tərəfindən prezidentlik hüququndan məhrum edildi. Avromeydan hərəkatı zamanı 104 nəfər rejim tərəfindən qətlə yetirildi.

Ukraynada siyasi hakimiyyəti Qərbə uduzan Rusiya separatizmə rəvac verdi. 2014-cü ilin martında Krım yarımadası ilhaq edildi. Ukraynanın iki şərq regionunda rusiyapərəst separatçılar “müstəqilik” referendumları keçirdilər. Donetsk və Luqansk regionları faktiki olaraq Rusiya tərəfindən Ukraynadan zorla qoparıldı. Minlərlə insan öldürüldü. Ukraynanın müstəqilliyinə ciddi zərbə dəydi.

Ancaq “rəngli inqilablar” Gürcüstan və Ukrayna ilə bitmədi. Ermənistana da keçdi. Kiçik bir haşiyə çıxaraq qeyd edək ki, Moldova da 2020-ci ilin noyabrında Rusiyanın əhatə dairəsindən çıxdı. Belə ki, Amerikanın Harvard Dövlət İdarəçiliyi İnstitutunun məzunu sabiq Baş nazir Mayya Sandu Moldova prezidenti seçildi. Bu isə o deməkdir ki, Rusiya Moldovanı da birdəflik itirdi. Niyə birdəfəlik? Bu məsələyə qayıdacağıq.

Ermənistanda isə “məxməri inqilab” baş verdi. Nikol Paşinyan Xocalı qatili Serj Sarkisyanı kreslodan aşıraraq iqtidara gəldi. Digər postsovet ölkələrindəki inqilablardan fərqli olaraq Ermənistanda proseslər sakit məcrada keçdi. 2018-ci ilin mayında Nikol Paşinyan rəsmən Ermənistanın Baş naziri seçildi.

Bəziləri iddia edir ki, “rəngli inqilablar” ABŞ başda olmaqla Qərb tərəfindən həyata keçirilir. Rusiya və Çinin təsir dairəsini azaltmağa, müvafiq olaraq isə Qərbin təsir dairəsini genişləndirməyə nail olmaq məqsədi güdülür. Tarixən məlum olan odur ki, XIX əsrin ortalarından etibarən Amerika əsasən Latın Amerikası ölkələrində iqtidarları öz istəyinə uyğun olaraq dəfələrlə dəyişib. Birinci, xüsusən İkinci dünya müharibəsindən sonra isə ABŞ dünyanın istənilən güşəsində yüzlərçə çevrilişlər törədib. 2016-cı il 15 iyulunda ABŞ Avropa Birliyi ilə birlikdə Türkiyədə hərbi çevrilişə cəhd göstərdi…

O cümlədən, Nikol Paşinyanın da amerikalı milyarder Corc Sorosun dəstəyi ilə iqtidara gəlməsi böyük çoxluq tərəfindən fakt kimi qəbul olunur. Daha öncə isə Mixail Saakaşvili “Açıq cəmiyyət” institutun qurucusunun əli ilə Gürcüstanda rəhbərliyə gətirilmişdi.

Yuxarıda vurğuladığım “birdəfəlik” məsələsinə qayıdıram. Proseslərin təhlili aydın şəkildə göstərir ki, Qərb Rusiyanı sıxışdırıb kənara atdığı bölgələrdə birdəfəlik lövbər salır. Gürcüstan və Ukrayna nümunəsi ortadadır. Baltikyanı respublikalar isə (Latviya, Litva, Estoniya,) Rusiya ilə çoxdan vidalaşıb. Moldova və Ermənistanda da eyni proses gedir.

Rusiya var gücü ilə bu prosesə müqavimət göstərir. Ancaq qarşısını ala bilmir. Və bu, rəsmi Moskvada ciddi narahatlıq yaradır.
Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında (2017) prezidentliyə namizəd, jurnalist Kseniya Sobçakın martda keçiriləcək seçkilərdə rəqiblərlə bağlı verdiyi suala cavab olaraq dedi ki, Rusiya müxalifətinin proqramı yoxdursa və onlar hakimiyyətə gələcəksə, bu, Rusiyanın özündə “Maydan” hərəkatı ilə nəticələnəcək: “Meydanlarınızda onlarla belə Saakaşvilinin qaçmasını istəyirsiniz? Belə “Saakaşvili”lərin ölkəni qarışdırmasını istəyirsiniz? Bir “Maydan”dan digərinə keçməyimizi istəyirsiniz? Dövlət çevrilişi olmağını istəyirsiniz? Əminəm ki, Rusiya vətəndaşlarının böyük əksəriyyəti bunu istəmir və buna imkan verməz. Rusiyada “Maydan” hərəkatının Ukrayna ssenarisi yolverilməzdir”.

Vladimir Putinin rəngli inqilablarla bağlı təlaş içində olduğu aydın sezilir. Rusiyada baş verən son hadisələr bir daha göstərdi ki, bu təlaşın ciddi əsasları var.

Ermənistanda isə vəziyyət daha ciddidir. Ordu Nikol Paşinyana qarşı qiyama qalxıb və hökumətin istefasını tələb edir. Rusiyadakı erməni diasporu da Paşinyana “get” deyir . Şübhəsiz ki, hər iki proses Rusiyanın göstərişi ilə başlayıb. Bəs ABŞ başda olmaqla Qərb Rusiyanı durdura biləcəkmi? Qərb mətbuatında “Bayden Paşinyanı xilasedə biləcəkmi” anlamında xeyli araşdırma yazıları çap olunur. Cavablar fərqlidir.

Türkiyə və Azərbaycan bu prosesi anbaan təqib edir. Hər iki ölkə Ermənistanda hərbi çevriliş cəhdini pisləyir. Rusiya isə bunu Ermənistanın daxili işi hesab edir.

Birmənalı olan odur ki, Nikol Paşinyanın gedişi Azərbaycana və Türkiyəyə yaxşı bir şey vəd etmir. Rusiya və İran isə Paşinyanın iqtidardan getməsində ciddi şəkildə maraqlıdır. Niyəsi də bəllidir? Türkiyə ilə zəruri hallarda “bir millət, bir dövlət” kimi çıxış edən Azərbaycan Rusiya üçün, xüsusən İran üçün arzu olunan birlik deyil. O da faktdır ki, Nikol Paşinyan məsələsində Türkiyə və Azərbaycanı Qərblə eyni maraqlar birləşdirir.

Bir çox siyasi təhlilçi hesab edir ki, Azərbaycan son 30 ildə işğal olunmuş torpaqların azad olunmasına hazırlıq görüb, Ermənistan isə həmin ərazilərin müdafiəsi haqqında daha çox düşünüb. Vladimir Putinin nifrət etdiyi Sorosun əli ilə iqtidara gələn Paşinyanın Qərbə qucaq açması, bəzən Rusiyaya qarşı dikbaşlıq nümayiş etdirməkdən çəkinməməsi (məsələn, “İskəndər” raketləri ilə bağlı dedikləri, Rusiyanın ucbatından Qarabağ savaşını uduzduq kimi fikirləri. E.H) rəsmi Moskvanı hövsələdən çıxarıb. Ancaq üç tərəfli anlaşmadan dərhal sonra kaptulayasiya ilə üzləşən erməni xalq şok yaşasa da Nikol Paşnyanın iqtidardan getməsini istəmədi. Çünki Serj Sarkisyan, daha öncə isə Robert Köçəryan zamanında Ermənistanda korrupsiya və rüşvətxorluq bütün dövlət orqanlarını öz ağuşuna almışdı. Rüşvətxorluğa qarşı real mübarizə aparan Paşinyan administrasiyası elə bu səbəbdən də biabırçı məğlubiyyətə baxmayaraq iqtidarda qala bildi. Erməni müxalifəti tərəfindən irəli sürülən istefa tələbi xalq arasında elə də dəstək tapmadı.

Hazırda Ermənistanda baş verənlər Misir hadisələrini xatırladır. O vaxt prezident Hüsnü Mübarəki (1981-2011) devirmək üçün müxalifət ilə hərbiçilər bir araya gəlmişdi. Bu birlik Ermənistanda da istəyinə nail olacaqmı? Əlbəttə, bu ehtimalı istisna etmək olmaz. Ancaq Co Bayden administrasiyasının Səudiyyə Ərəbistanı ilə bağlı verdiyi bəyanat (Co Bayden bundan sonra vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla yox, onun atası kral Salmanla kontakt quracaq.) onu deməyə əsas verir ki, ABŞ-ın xarici siyasətində demokratik dəyərlərə istinad prioritet təşkil edəcək. Bu isə həm də o deməkdir ki, Co Bayden demokratik yolla seçilmiş Nikol Paşinyanın birmənalı şəkildə müdafiə edəcək. Başqa sözlə desək, Nikol Paşinyanın iqtidardan getməsi Co Baydenin Rusiya qarşısında ciddi məğlubiyyəti kimi dəyərləndiriləcək. Ona görə də əminliklə demək olar ki, demokratiyanın müdafiəsi üçün yeni administrasiya hərəkətə keçəcək. Deyək ki, Donlad Tramp administrasiyası da bu istiqamətdə ciddi işlər gördü. Belə ki, böyüklüyünə görə dünyada birinci olan ABŞ-ın İrəvandakı səfirliyi Nikol Paşnyanı qəzəbli kütlədən qorumaq üçün ona dəfələrlə sığınacaq verdi.

Təsadüfi deyil ki, bir çox Qərb mənbələri Nikol Paşinyan məsələsini Co Bayden administrasiyası üçün test hesab edirlər. Cənab Bayden demokratiyanın müdafiəsi anlamına gələn bu testdən keçə biləcəkmi?

Elbəyi Həsənli, Sürix