Bakıda dünya prokurorlarının konfransı keçirildiFOTO
Sentyabrın 29-da Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Tədbirin açılış mərasimində baş prokuror Kamran Əliyev və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin baş prokuroru Juan Bautista Mahiques çıxış edib.
Qeyd edək ki, təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağında müxtəlif ölkələrin baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 470-ə yaxın şəxs iştirak edir.
Tədbir zamanı müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, habelə ikitərəfli və çoxtərəfli görüşlər təşkil olunacaq. Həmçinin, müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlər də nəzərdə tutulub.
Əsas mövzusu “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” olacaq konfransda cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası və bu kimi digər altmövzular üzrə çıxışlar olacaq.
Tədbir çərçivəsində BPA-nın strategiyası və gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyətli qərarların qəbulu nəzərdə tutulub.