22 Dekabr 2024

Tehran nüvə qarşıdurmasını bitirmək üçün əməkdaşlığa hazırdır – Pezeşkian AÇIQLADI

İran prezidenti Məsud Pezeşkian BMT-nin Baş Assambleyasındakı çıxışında deyib ki, İran Qərblə nüvə qarşıdurmasını bitirməyə hazırdır. O, Ukrayna və Yaxın Şərqdəki müharibələrə dialoq yoluyla son qoymağa çağırıb.

“Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) öhdəlikləri tam şəkildə və xoş məramla icra olunarsa, biz bu planın iştirakçıları ilə işləməyə hazırıq. Digər məsələlərlə bağlı dialoq davam edə bilər”, – Pezeşkian sentyabrın 24-də illik toplantıdakı ilk çıxışında deyib.

Pezeşkian prezident İbrahim Rəisi mayda vertolyot qəzasında həlak olandan sonra prezident seçilib, iyulda prezident andı içib. Pezeşkian daha öncə demişdi ki, Tehran 2015-ci ildə imzalanmış nüvə sazişini yenidən işə salmaq üçün Birləşmiş Ştatlar ilə danışıqlara hazırdır.

Nüvə sazişinin taleyi

Prezident Donald Tramp (Donald Trump) 2018-ci ildə Birləşmiş Ştatları birtərəfli şəkildə sazişdən çıxarıb, Tehrana ağır maliyyə sanksiyaları tətbiq edib.

Sazişə Çin, Fransa, Rusiya, Böyük Britaniya, Almaniya və Avropa İttifaqı da imza atmışdı.

Prezident Co Bayden (Joe Biden) nüvə sazişinə yenidən təkan vermək istəsə də, Vaşinqton və Tehran şərtləri razılaşdıra bilməyiblər.

Pezeşkian onu da deyib ki, İran sanksiyaların yüngülləşdiriləcəyinə ümid edir. O, sanksiyaları “ölkəmizin iqtisadiyyatına zərbə vurmağı hədəfləyən dağıdıcı və qeyri-insani silahlar” adlandırıb.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS silahlı qruplaşması ötən ilin oktyabrında İsrailə hücum edəndən bəri İranla Qərbin münasibətləri pisləşib. Tehran həmçinin Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinə dəstəyini artırıb.

Ancaq Pezeşkian BMT-dəki çıxışında deyib ki, “İran hamı üçün sülh istəyir, heç kəslə müharibə, yaxud mübahisə istəmir”. O, Ukraynadakı müharibənin başa çatmasının vacibliyini də vurğulayıb.

“Biz bütün dinc həlləri dəstəkləyir və inanırıq ki, dialoq bu böhranı həll etməyin yeganə yoludur”, – o bildirib.

Qəzzada atəşkəs çağırışı

Pezeşkian İsrailin Qəzzada apardığı hərbi əməliyyatları da kəskin tənqid edib, onu “soyqırımı” adlandıraraq dərhal dayandırılmasını vacib sayıb.

“Beynəlxalq ictimaiyyətin Qəzzada daimi atəşkəsi təmin etməsi, İsrailin Livandakı ümidsiz barbarlığına regionu və dünyanı bürüməyincə son qoyması vacibdir”, – o vurğulayıb.

Pezeşkian bundan öncə xəbərdarlıq edib ki, İsrailin öz ərazisinə Livanın cənubundan “Hizbullah”ın hücumlarına cavab olaraq hava kampaniyası regional müharibəyə çevrilə bilər. Birləşmiş Ştatlar “Hizbullah”ı terrorçu təşkilat sayır.

İran uzun müddət “Hizbullah”ın əsas sponsoru olub. (“Azadlıq” Radiosu)