21 Dekabr 2024

Suveren Azərbaycanın yeni Parlamenti

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı ölkəmizin bu günü və gələcəyi ilə bağlı çağırışlarla zəngin olur. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında nitqi bu gün ölkə mətbuatında geniş şəkildə təhlil olunur, qarşıya qoyulan vəzifələrin icrasının qalib, bütövləşən, yeni Azərbaycanın qarşısında açacağı imkanlar diqqətə çatdırılır.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, budəfəki çıxışında belə bir reallığı xüsusi vurğuladı ki, gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmasına stimul verir. Bu gün böyük inamla bildiririk ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışında cari ilin ötən 8 ayının sosial-iqtisadi göstəriciləri əsasında hazırkı inkişafı və qarşıda dayanan hədəfləri açıqladı. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda artım yeddi faiz olub. 2018-ci ildən indiyədək dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb.

Dövlətimizin başçısı cənab İlham Əliyev  VII çağırış Milli Məclisin ilk iclasında çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirdi. Təbii ki, buna əsas verən iqtisadi imkanlarımızdır. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımların davamlılığında özünün aydın ifadəsini tapır. Bu hədəf də açıqlandı ki, gələcəkdə sosialyönümlü siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin azad Qarabağda və Zəngəzurda qeyri-neft sektorunun inkişafına xidmət edəcək yeni istehsalat sahələri açılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Qeyd edib ki, son dörd ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsidir.

Prezidentin qeyd etdiyi kimi, bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, ölkəmiz üçün həmişə ən vacib məsələ olub. “Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim” söyləyən Prezident İlham Əliyev diqqətə çatdırdığı rəqəmlərin fonunda işğaldan azad edilmiş ərazilərimizin bərpasının prioritetliyini təsdiqlədi.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı