Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib.
Prezidentin çıxışı qarşıdakı dövr üçün “yol xəritəsi”dir. Eyni zamanda dövlət başçısının çıxışı zamanı verdiyi mesajlar ölkənin strateji hədəflərini, qarşıda duran prioritet istiqamətləri əhatə edir.
Prezident İlham Əliyev: “Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir. Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır”.
Dövlətimizin başçısı çıxışında ölkə qarşısında duran bəzi vəzifələr haqqında fikirlərini Millət vəkilləri və Azərbaycan xalqı ilə bölüşüb.
Azərbaycan Prezidenti “Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik” söyləməklə birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasını qeyd edib, eyni zamanda yerli hərbi sənaye kompleksimizin daha sürətlə inkişaf etdirilməsini, bu məqsədlə böyük vəsait ayrılmasını və gələn il də ayrılacağını, ölkəmizin yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevriləcəyi ilə bağlı bütün imkanlardan istifadə olunduğunu önə çəkib. Növbəti önəmli vəzifənin sərhədlərimizin qorunması ilə bağlı olduğunu söyləyən İlham Əliyev digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsinin vacib şərtlərdən biri olduğunu qeyd edib. Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlı olduğunu vurğulayan ölkə başçısı bu sahədə daim diqqətli olmağımızı bildirib.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı