19 Sentyabr 2024

YAP Ağstafa rayon təşkilatının “Azərişıq” Ərazi Partiya Təşkilatında “19-20 sentyabr antiterror əməliyyatı”ndan danışılıb

18 sentyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Azərişıq” Ərazi Partiya Təşkilatında “19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının nümayəndələri və “Azərişıq” Ərazi Partiya Təşkilatından olan partiya fəalları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərişıq” Ərazi Partiya Təşkilatının sədri Azad Ələkbərov qeyd edib ki, çoxəsrlik tarixi boyunca neçə-neçə sınaqlardan keçmiş, ta qədim zamanlardan insanlarının döyüşkənliyi, mərdliyi, qorxmazlığı, təbii-coğrafi şəraitinin zənginliyi, sanballı maddi və mənəvi irsi ilə tanınmış Azərbaycan ən müasir tarixinin son 30 ilini yenə ağır və çətin bir imtahan olan Qarabağ probleminin həlli ilə bağlı mübarizədə ölkəmizin suverenliyinin bərpa olunmasına həsr etmişdi. Bu mübarizənin zirvəsi isə heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədir. Vətən müharibəsindən sonra ən qanlı toqquşma isə 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş vermişdir. Bu döyüşlərin səbəbi isə Ermənistan silahlı qüvvələri bölmələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi idi. Sentyabr ayının 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxması və mülki vətəndaşlarımızın həlak olması, elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın şəhid olması Azərbaycan  Respublikasını öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün lokal xarakterli antiterror əməliyyatlarına başlamağa vadar etdi.

Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev və partiya fəalı Cəlal Dərvişov bildiriblər ki, cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. əməliyyat zamanı şanlı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış,  yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etmişdir. Mülki əhali hərbi obyektlərdən kənar durmağa çağırılmış, bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman  erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.