21 Noyabr 2024

İtaliya Azərbaycanın bir nömrəli neft və ikinci ən böyük qaz idxalatçısıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı dünyanın aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

İtaliya Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, eyni zamanda dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ötən il ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub. Enerji sektorundan əlavə digər sahələrdə də movcud potensialı artırmaqla bu rəqəmi yüksəltmək mümkündür. Bir çox sahəni əhatə edən yüksək səviyyəli təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir. İtaliya ilə Azərbaycan arasında münasibətlərdə enerji təhlükəsizliyi xüsusi yer tutur. Başlanğıcı Azərbaycanda olan və İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Eyni zamanda boru kəmərinin marşurutu boyu əlavə edilmiş interkonnektorlar sayəsində kəmər daha geniş coğrafiyanı əhatə edir. Hal-hazırda bu istiqamətdə 3 Avropa ölkəsi ilə danışıqlar aparılır ki, qaz təchizatı artırılsın.

Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki İtaliya ilə ümumiyyətlə Avropa ittifaqının bir çox ölkəsi ilə geniş əlaqələrə malikdir. Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşdır. Bu baxımdan da Azərbaycan Avropanın etibarlı qaz təchizatçısı və tərəfdaşıdır.

İtaliya ilə bağlı ikitərəfli əlaqələrimiz təkcə enerji və ticarətlə məhdudlaşmır. Həmçinin, humanitar məsələlər üzərində də fəal şəkildə işlər aparılır. Bildiyimiz kimi artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir.

İkitərəfli münasibətlərə nəzər salsaq, onu qeyd etməliyik ki, münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı