22 Noyabr 2024

Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycan-İtaliya strateji əməkdaşlığında yeni bir səhifə açır və əlaqələrin möhkəmləndirilməsi yalnız iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarının təmin edilməsinə hesablanıb. Son illər ölkələr arasında bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib ki, bu da xalqların milli mənafeyinə xidmət edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sağlam münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. “İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat”, “İnvestisiyanın qorunması və həvəsləndirilməsi haqqında müqavilə” iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına təkan verərək ötən illərdə bir sıra mühüm sazişlərin, sənədlərin imzalanmasına zəmin yaradıb.

Bu əməkdaşlıq cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da genişləndirilib  və özünün ən yüksək mərhələsinə qədəm qoyub. 2020-ci ildə dövlət başçısının İtaliyaya rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamə əlaqələrin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdə İlham Əliyev sağlam əməkdaşlığa böyük önəm verərək, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib.

İtaliya ilə son 10 ildə ticarət dövriyyəsinin dəyəri 2 dəfə artaraq 17 milyard dollara çatıb. Keçən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul göndərilib. Enerji sahəsində əməkdaşlığın vacibliyi, neft şirkətləri arasında bağlanan müqavilələrin davamlı olması hər iki ölkə üçün faydalıdır. Bu gün TAP layihəsi həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir və Avropanın 10 ölkəsinin enerji təchizatında mühüm rol oynayır. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib və İtaliyanın qaz bazarında üçüncü tərəfdaş olub. Ötən il isə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə ən azı 20 milyard kubmetrə çatmalıdır.

İtaliya şirkətləri ilə bir çox sahədə – kənd təsərrüfatı, nəqliyyat, turizm, şəhərsalma, ərazilərin minadan təmizlənməsi, yeni texnologiyaların tətbiqi, infrastrukturun bərpası istiqamətində sənədlərin imzalanması perspektivli gələcək əməkdaşlıqdan xəbər verir. İtaliya etibarlı tərəfdaşdır. Bu, 44 günlük müharibə, 23 saatlıq antiterror tədbirlərində özünü aydın göstərdi və dost dövlət hər zaman Azərbaycanın haqlı mübarizəsinə dəstək verməklə özünün mənəvi köməyini əsirgəmədi. Bu dəstək işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə də ifadəsini tapır. Prezident İlham Əliyevin İtaliyaya budəfəki səfəri iki ölkə arasında münasibətləri yeni müstəviyə yüksəldəcək, həm iqtisadi inkişafımızın, həm milli təhlükəsizliyimizin təmin edilməsi baxımından uğurlu mərhələnin yeni təməlini qoyacaq.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı