22 Dekabr 2024

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir

1991-ci ilin 3 sentyabrı Azərbaycan tarixinə əlamətdar bir gün kimi daxil olmuşdur. Həmin gün Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildi. Bu hadisə, Azərbaycanın müstəqillik dövründə milli dirçəliş və siyasi sabitlik yolunda atılmış ilk əhəmiyyətli addımlardan biri idi.Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana rəhbərliyi Azərbaycan xalqının gələcəyini formalaşdırdı və milli qurtuluş prosesinin başlanğıcı oldu.

1991-ci ilin əvvəllərində Azərbaycanda olduqca çətin bir dövr hökm sürürdü. SSRİ-nin dağılması, iqtisadi böhran, siyasi xaos və Ermənistanın hərbi təcavüzü ölkəni çətin vəziyyətə salmışdı. Bu şəraitdə Azərbaycanın bir çox bölgəsi, o cümlədən Naxçıvan, iqtisadi blokada və hərbi təzyiqlə üz-üzə qalmışdı. Naxçıvan Muxtar Respublikası özünün həm iqtisadi, həm də siyasi mövqeyini gücləndirmək və Azərbaycan Respublikasının müstəqillik istiqamətindəki fəaliyyətinə dəstək vermək üçün möhkəm və səriştəli liderə ehtiyac duyurdu. Belə bir mürəkkəb vəziyyətdə Heydər Əliyev Naxçıvana qayıdaraq, burada xalqın iradəsini təmsil edən lider kimi çıxış etdi. Onun rəhbərliyi altında Naxçıvanın siyasi və iqtisadi vəziyyətində nəzərəçarpacaq dərəcədə dəyişikliklər baş verdi.

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, Heydər Əliyevin liderliyi və uzaqgörən siyasəti nəticəsində çətin sınaqlardan keçərək, regionun sabitliyi və inkişafı üçün mühüm addımlar atıldı. Onun təşəbbüsü ilə Naxçıvanda müstəqillik və milli dəyərlərə sadiqlik ruhu gücləndi Heydər Əliyev Azərbaycan milli dövlətçiliyi ideyasını burada da inkişaf etdirdi və bu ideyanı cəmiyyətin bütün təbəqələrinə çatdırdı.Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi Azərbaycanın milli qurtuluş yolunun başlanğıcı kimi qəbul olunur. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda atılan hər addım Azərbaycanın gələcək müstəqil dövlətçiliyinin təməllərini möhkəmləndirdi.

1991-ci il 3 sentyabrda Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi həm Naxçıvan, həm də bütövlükdə Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir hadisə oldu. Heydər Əliyevin uzaqgörən siyasəti və liderlik qabiliyyəti ilə Azərbaycan xalqı milli qurtuluşun və dövlətçiliyin yenidən bərpasına doğru irəlilədi. Bu hadisə, Azərbaycanın müstəqillik mübarizəsinin gücləndirilməsində və müasir dövlət quruculuğu prosesində həlledici rol oynadı. Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Liderimiz düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirib.

1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyulub. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilib. Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verib: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradılıb. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoyub. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu Öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı