Milli dövlətçilik ənənələrinin qorunmasına xidmət edən fəaliyyət
Ulu öndər Heydər Əliyev Naxçıvan əhalisinin və ictimaiyyətinin böyük dəstəyi və təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Hələ SSRİ-nin rəsmən mövcud olduğu çətin bir dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda müstəqil Azərbaycan dövlətçiliyinin ilkin təməlləri hesab olunacaq səviyyədə mühüm işlər həyata keçirildi. İlk növbədə, qeyd edilməlidir ki, Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi öz-özlüyündə həmin dövrdə çox demokratik bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı ilk dəfə rəsmən Naxçıvan MR Ali Məclisində qaldırılıb. Bununla da milli bayrağımız müstəqil Azərbaycan dövlətinin əsas simvollarından biri olaraq institutlaşdı.
Ulu öndərin təşəbbüsü ilə atılmış bu tarixi addımdan bir müddət sonra üçrəngli bayrağımız Azərbaycan Respublikasının bayrağı kimi də dalğalanmağa başladı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdi.
Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi onun Azərbaycanda millət quruculuğuna daha bir töhfəsi idi. Yenicə müstəqillik qazanmış ölkələrə xas xüsusiyyətlərdən biri millət quruculuğu prosesinin həyata keçirilməsidir. Azərbaycanda millət quruculuğu mono-etnik deyil, əksinə tamamilə multikultural, inklüziv xarakter daşıyır. Azərbaycanın öz diasporunun təşkilatlanması və əlaqələrin qurulması dünyada bütün azərbaycanlıların həmrəyliyinə və ümumi Vətənimiz Azərbaycan dövlətinə bağlılığına əsaslanıb. Bu da Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin özəyini təşkil edir. Deməli, 31 dekabr Dünya Azərbaycanlıları Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin praktik təzahürüdür. Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilməsi, təkcə Naxçıvan üçün deyil, ümumilikdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması baxımından tarixi hadisədir.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini