Yaxın Şərq böhranı və qlobal güclərin idarəolunan nəzarəti.
HƏMAS lideri İsmail Haniyənin İranda, həm də yeni seçilmiş prezident Pezeşkianın andiçmə mərasimi ərəfəsində qətlindən sonra Yaxın Şərqdəki regional müharibə təhlükəsi daha da körüklənmiş oldu. Bu olaydan bəri İran qisas cavabı verəcəyini bildirsə də, İsrailin belə mümkün ola biləcək bir hücuma qarşı İranın strateji obyektlərinə zərbələr endirəcəyi xəbərdarlığı mövcud gərginliyə çəkindirici nəfəs verdi. Həmçinin, belə gərgin vəziyyətdə İranı və proksi qüvvələri təkcə İsrailin “cavab hədəsi” deyil, ortada ABŞ-n araya girməsi, gərginliyə nəzarətli müdaxiləsi İranı İsrailə qarşı cavab addımında ölçülü davranmağa məcbur etmiş oldu.
Yaxın Şərq böhranın zamanla artıb səngiməsi fonunda son proseslər onu deməyə əsas verir ki, Yaxın Şərqdə iplər həmişə olduğu kimi hələ də ABŞ-ın əlindədir. Amerikan aviadaşıyıcılarının Yaxın Şərqin sularına daxil olması kifayət edir ki, bölgənin dinamikası dəyişsin. Bir sözlə, ABŞ-ın regiondakı hərbi imkanları son illərdə nə qədər azalsa da, dənizlərdəki hegemoniyası Yaxın Şərqin hələ də amerikan nüfuz dairəsi kimi qalmasına yetir.
ABŞ-ın Yaxın Şərqdə hal hazırkı maraqları kontekstində yürütdüyü geopolitik siyasəti bu bölgədə yeni böyük müharibənin olmasını istisna edir. ABŞ siyasi diplomatiyası İsrail-İran gərginliyinin yenə də öz nəzarəti altında saxlanılmasındə maraqlıdır. Münaqişəli vəziyyətə təsir edən digər bir məsələ də, ABŞ-dakı köklü yəhudi lobbisinin İran məsələsində İsrailin xeyrinə uzun müddətdir ABŞ hökumətinə təzyiq göstərməsidir. İsrailin arqumenti budur ki, bölgədəki stabilliyi təhdid edən proksi qrupların himayədarı İrandakı molla rejimidir, ona görə də nüvə silahı əldə etmədən “ilanın başı əzilməlidir” ki, regiondakı gərgin vəziyyət sakitləşsin. Lakin, İrandakı rejimin dəyişməsi nə deməkdir və bunun nəticələri necə ola bilər, regional müharibə İranda rejim dəyişikliyi yarada bilərmi?. Bir anlığa ehtimal edək ki, Tehran nüvə silahı əldə etmədən ABŞ hərbi müdaxiləyə qərar verdi, İranın strateji enerji və hərbi obyektlərini bombaladı, dini rejim zəiflədi və rejim dəyişikliyi baş verdi, baxmayaraq ki, müharibələr tarixində quru qoşunlar vasitəsilə işğal baş vermədikcə, ərazinin tam nəzarətə götürülməsi ehtimalı olmur. Belə təsəvvür edək ki, molla rejimi Bəs Tehranda hakimiyyətə kimlər gələcək? Yarım əsrə yaxın vaxt ərzində Qərb İrandakı dini rejimə alternativ bir siyasi qüvvə yaratmayıb, yarada bilməyib və ya yaratmaq istəmiyib. Hərdən bir 1979-cu ildə xalq tərəfindən devrilmiş Şahın oğlu Rza Pəhləvi gündəmə gətirilir ki, molla rejimi devrildikdən sonra Pəhləvilər İrana geri qayıdacaq. Bəs heç düşünülürmü ki, xalq tərəfindən qovulmuş Pəhləvilər İranda yenidən qəbul ediləcəkmi və onlar strateji obyektləri bombalanmış İranda stabillik yarada biləcəkmi?. Nəzərə alsaq ki, İranda bir neçə separatist hərəkat fəaliyyət göstərir, o zaman mərkəzi hakimiyyətin zəifliyi 90 milyon əhalisi olan ölkədə onillər boyu davam edəcək böhran və qarışıqlığa gətirib çıxara bilər. İranda alovlanacaq kürd, ərəb və bəluc separatizmləri ətraf ölkələrin də stabilliyini pozacaq. Milyonlarla yeni qaçqın və qlobal enerji qiymətlərində kəskin artım da ortaya çıxacaq nəticələr arasındadır. İndiki məqamda ABŞ və Qərbə parçalanaraq Yaxın Şərqi və ətraf ölkələri xaosa çevirəcək bir İran lazımdırmı?. Rasional prizmadan baxsaq, heç bir dövlət nəticədə ortaya çıxacaq vəziyyəti idarə edə bilməyəcəyi bir ssenariyə getməz. Məsələn, 2022-ci ilin fevralında Rusiya Kiyevə girərkən şübhəsiz ki, Zelenskinin devrilməsindən sonrakı prosesə, yəni hakimiyyətə kimlərin gətiriləcəyinə hazırlaşmışdı. “Əsas odur bu addımı ataq, sonrasına baxarıq” düşüncəsi sadəcə olaraq xaosa zəmin hazırlamaqdır. Necə ki, Buş hökuməti 2003-cü ildə Səddamı devirərkən, İraq üçün keçid ssenarisi hazırlamamışdı. İddiaya görə, Buş hökuməti düşünürmüş ki, əsas odur Səddam devrilsin, sonra xalq küçəyə çıxar, sürgündəki qərbpərəst İraq müxalifətini Bağdada qaytarmaqla keçid hökuməti qurular, problem həll olunar. Bəlkə də bir çoxlarının düşündüyü kimi həqiqətən də Buş hökumətinin əsas məqsədi Yaxın Şərqə və İslam dünyasına xaos salmaq idi. Hər halda bu məsələ daha detallı başqa bir araşdırmanın, mövzusudur. Xəatırladaq ki, həmin dövrdə israillilər də Səddamın devrilməsi üçün xüsusi canfəşanlıq göstərirdilər, Səddam Hüseyni regionun baş problemi kimi təqdim edərək, Bağdadda hökumət dəyişikliyinin bölgədəki vəziyyəti stabilləşdirəcəyini iddia edirdilər. ABŞ hərbi müdaxilə edərək Səddamı devirdi, Bağdadın İranın təsir dairəsinə keçməsi isə çox çəkmədi. İraq örnəyində olduğu kimi, İrana hərbi müdaxilə Yaxın Şərqdə İsrail üçün daha böyük problemlərin ortaya çıxmasına səbəb ola bilər. 2000-ci illərdə bu tipli eksperimentlər mümkün ola bilirdi. ABŞ öz iqtisadi və siyasi gücünün zirvəsində idi və təkqütblü dünya sistemi yaşanırdı. İndi isə Uzaq Şərqdən Çin yüksəlir. Avropada Rusiya, Asiyada isə Çin təhdidinin artdığı bir vaxtda ABŞ-ın Yaxın Şərqdə yenidən eksperiment etməsi, həm də burada böyük resurs və vaxt itirməsi ağlabatan deyil. Ciddi siyasi-ictimai qütbləşmə yaşayan, yetərincə daxili problemlərə malik ABŞ cəmiyyətini də Yaxın Şərqdə yeni bir böyük müharibəyə hazırlamaq, onminlərlə amerikan hərbçisini İranın işğalına səfərbər etmək variantları da real görünmür. Bütün bu təhlillərə rəğmən belə qənaətə gəlmək olar ki, dünya yəhudi lobbisi və İsrailin təzyiqlərinə baxmayaraq ABŞ rəhbərliyi “Tehranda siyasi dəyişiklik sonrası nələr olacaq?” sualına cavab tapmadıqca, İran məsələsində də İraqda etdiyi səhvləri təkrarlamış olacaq. Baxmayaraq ki, ABŞ-da siyasi hakimiyyət dairələrində avtoritar rejimlərdəki kimi “rəhbərin fikri əsasdır” anlamı yoxdur, lakin, İsrailə maksimum dəstək gö stərməyə, dost və düşmən tərəfləri müəyyənləşdirmək məsələsində ABŞ cəmiyyətində və siyasi elitasında müəyyən yekdillik vardır. ABŞ xarici siyasətində Pentaqonun strateji xətti önəmli hesab edilib həmişə. Dünya qütbləşmə prosesinin dərinləşdiyi indiki dövrdə İranın bir imperiya olaraq parçalanmasına yönəlik regional müharibə ehtimalı çox az ağlabatandır. Əslində İranla tarixin arxivinə gömüləsi hələ bir neçə “naftalin iyi verən nimdaş imperiyalar” var ki, vaxtı yetişəndə onların yerində yeni sistemlərin formalaşması zərurəti qaçılmaz olacaq.
Rasim Zeynalov- siyasi icmalçı