22 Noyabr 2024

İki ölkə arasında münasibətlər uğurla inkişaf edir

Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 18-də axşam saatlarında Bakıya gəlib. Onu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və respublikanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu qarşılayıblar. Rusiya liderinin səfər cədvəlindəki əsas rəsmi və işgüzar tədbirlər avqustun 19-u bazar ertəsinə təyin edilib. Vladimir Putin rəsmi səfərlərin protokoluna uyğun olaraq Fəxri Xiyabana gələrək Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məzarı önünə əklil qoyub. Sonra o, Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edib.

“Tərəflər dövlət suverenliyinə, müstəqilliyə, ərazi bütövlüyünə, bərabər hüquqluluğa və bir-birinin daxili işlərinə qarışmamağa qarşılıqlı hörmət prinsipləri əsasında dövlətlərarası əlaqələri möhkəmləndirməyə davam etmək barədə razılığa gəliblər”. Bu barədə Vladimir Putin və İlham Əliyevin Bakı danışıqlarının yekunlarına dair birgə bəyanatında deyilir. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də yüksək səviyyədə əldə edilmiş sonrakı razılaşmaların əhəmiyyətini vurğulayıblar. Rusiya Federasiyası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına bundan sonra da kömək etməyə hazır olduğunu təsdiqləyib.

Prezidenti İlham Əliyev mətbuata açıqlamasında demişdir ki, biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Demək olar ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artdığını qeyd etdik.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini