22 Dekabr 2024

Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini  qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.

Qeyd edilib ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində  çox gözəl və tarixi nəticədir.

Görüşdə ölkə başçısı qızıl medalçılarımızı – Hidayət və Zelimi ürəkdən təbrik edərək bildirdi ki,  “Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər.

Prezident İlham Əliyev həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqların sayının çox olacağına əminliyini bildirərək vurğuladı ki, “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.

Dövlət başçımız İlham Əliyevin idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır.

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı