Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb VİDEO
Xocalı soyqırımının 29-cu ildönümü Şuşa şəhərində qeyd olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Media1.az-a verilən məlumata görə, ermənilər tərəfindən qətlə yetirilən Xocalı sakinlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Şuşa şəhəri ötən il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Xatırladaq ki, bu gün – fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.