21 Noyabr 2024

Müasir beynəlxalq geosiyasi mühitdə supergüclərin çarpaz maraqları

Qlobal siyasi proseslərin indiki gərginliyi və müasir güc balansının ləngərləməsi yeni reallıqlar fonunda siyasi qütbləşmənin dərinləşməsi ilə müşaiyyət olunur. İndi dünyanı təhdid edən yeni və bəşəriyyətin sonunu gətirə biləcək qlobal nüvə müharibəsi təhlükəsi əsas sual olaraq qarşıda durur. Dünyanı yönətən böyük dövlətlər, xüsusilə ABŞ, Çin, Rusiya və Qərbi Avropa dövlətləri yeni reallıqda öz maraqları ilə yanaşı bəşəriyyətin sonrakı taleyini də düşünməyə məcbur qalıblar.

Ötən həftə İsveçrədə keçirilmiş Qlobal Sülh Sammitində Polşa prezidenti A. Duda Rusiyanı “millətlərin zindanı” adlandıraraq, bu ölkədə yaşayan 200-dək müxtəlif millətin zülmə məruz qaldığını bildirdi və Rusiyanın parçalanmasına dair çağırış etdi. Elə həmin həftə Fransanın yüksəlişdə olan sağ siyasətçisi Le Pen Avropanın gələcək təhlükəsizlik arxitekturasında Rusiyanın iştirakının labüd olduğunu bildirərək, Rusiyasız qitə təhlükəsizliyinin mümkünsüz olduğuna dair çıxış etdi. Bu iki yanaşma müharibənin başlanğıcından bəri, Rusiyanın gələcəyi ilə bağlı Avropada formalaşmış iki zidd qütbü təmsil edir. Birinci qütb periodik olaraq ortaya çıxan Rusiya təhdidinin birdəfəlik həllini istəyir. Xüsusilə, Rusiyaya coğrafi yaxınlıqda olan, bu səbəbdən gələcəkdə hədəfə çevrilə biləcək Şərqi və Mərkəzi Avropa ölkələri bu ssenarini arzulayırlar. Bu ölkələr hesab edir ki, Ukraynadakı hərbi məğlubiyyət Rusiya Federasiyasını parçalanmağa sürükləyəcək, ona görə də Ukraynanın qələbəsi üçün bütün imkanlar səfərbər olunmalıdır. Rusiyadan uzaqda yerləşən və real təhdid hiss etməyən Qərbi Avropa ölkələri isə Şərqi Avropaya görə Rusiya ilə ölüm-dirim müharibəsinə girməyə, bütün resurslarını səfərbər etməyə razı olmurlar.

Qərbi Avropa ölkələri daha “münasib qiymətə” Rusiya ilə anlaşmağın mümkün olduğuna inanırlar. Təbii ki, ABŞ-ın qitədəki maraqları hər iki yanaşmanı arxaplana atır, çünki hər ikisində Vaşinqtonun maraqlarına zidd olan fundamental məsələlər var. Rusiyanın parçalanması fonunda, ortaya çıxacaq daha kiçik dövlətlər asanlıqla Çinin təsirinə düşə bilər ki, bu da ABŞ üçün yolverilməzdir. Digər ssenari, yəni Rusiyanın Avropanın təhlükəsizlik sferasında iştirakı isə NATO-nun mövcudluğunu sual altında qoyacaq ki, bu da ABŞ-ın Avropadakı təsirinin sonu demək olar. Belə bir vəziyyətdə, ABŞ üçün önəmli olan statuskvonun qorunmasıdır. Yəni, Rusiya nə irəliləyə bilir, nə də məğlub edilir. Deyə bilərik ki, Vaşinqton üçün üfüqdə görünən ən münasib variant münaqişənin dondurulmasıdı. Lakin, nə sülh, nə müharibə ritorikasının elə də səmərəli olmaması və daha gərgin sonluğa gətirib çıxaracağı tarixi təcrübədən bəlli bir məsələdir. ABŞın dünya üzərində indiyədək mövcud olmuş dominant mövqeyini saxlaya biləcəyi isə yaxın zamanlarda cərəyan edəcək proseslərin axarından asılı olacaq.

Rasim Zeynalov-Media1.az