Paşinyan Putindən kömək istəyib – İrəvanda mövcud vəziyyət – VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb.
Danışıq zamanı Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu dilə gətirib. Rusiya dövlət başçısı bütün tərəfləri təmkinli olmağa çağırıb.
Ekspertlərin fikrincə, Nikol Paşinyan Vladimir Putinlə danışıq zamanı ondan ölkədə vəziyyətin stabilləşməsi və çevrilişin qarşısını alınması istiqamətində kömək istəyib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsi 25 fevralda siyasi rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.
Bundan sonra Paşinyan ölkədə çevriliş cəhdini elan edib və vətəndaşları “inqilabı müdafiə etmək” üçün “Respublika” meydanında toplaşmağa çağırıb. O, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar verib. Lakin prezident hələ bu sənədi imzalamayıb.
Bu arada ABŞ Dövlət Departamenti Ermənistan Silahlı Qüvvələrinin siyasətə qarışmamalı olduğunu açıqlayıb. Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib ki, Ermənistandakı bütün tərəflər şiddətin qarşısını almalıdır: “Biz Ermənistandakı son hadisələrdən xəbərdarıq, vəziyyəti çox yaxından izləyirik. Bütün tərəfləri təmkinli olmağa çağırırıq, hər hansı bir gərginlik və zorakılığın qarşısını almağa çağırırıq”.
Nəzərinizə çatdıraq ki, Ermənistanda müxalif qüvvələr vəd etdikləri kimi müddətsiz etiraz aksiyasına başladıqlarını elan ediblər. Yüzlərlə narazı “Baqramyan” prospektində çadır qurub və gecəni orada keçiriblər.