Coğrafiya İnstitutu Xəzərin sahilinin donmasına aydınlıq gətirib
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donma halının olmasına münasibət bildirib.
İnstitutun direktoru Ramiz Məmmədov “Report”a açıqlamasında vurğulayıb ki, Şabran rayonunun Qilqilçay ərazisində Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması qeyri-adi hal deyil.
O, bunu havanın temperaturunun mənfi 10 dərəcəyə qədər aşağı düşməsi ilə əlaqələndirib: “Dənizin ləpədöyən hissəsinin buzlaşdığı həmin ərazi Xəzərin nisbətən dayaz yerləridir. Dayaz yerlərin də aşağı temperaturlarda donma ehtimalı daha yüksəkdir. Açıq dənizə hərəkət etsəniz görəcəksiniz ki, orada heç bir donma halı yoxdur”.
R.Məmmədov eyni zamanda soyuq hava şəraitinin üstünlük təşkil etməsinin səbəblərini də açıqlayıb: “Bunların hamısı iqlim dəyişmələrinin nəticəsi və təzahürüdür. Ekstremal halların həm sayı, həm də tezliyinin və diapazonun təkrarlanma sayı artacaq. Yəni fəlakət gətirəcək təbii hadisələrin sayı çoxalacaq. Misal olaraq, əvvəl bu say 5-10 aralığında idisə, bundan sonra 25-ə qədər artacaq. Yəni bundan sonra sürüşmələr, zəlzələlər, uçqunlar və s. təbii hadisələr çox olacaq. Odur ki, insanlar, xüsusilə də sahil zonasında yaşayanlar buna qarşı müəyyən hazırlıqlar görməlidir”.