Mənəvi dəyərləri özündə təcəssüm etdirən xanım
Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.
1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Alimin Zərifə xanım Əliyeva oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.
Zərifə xanım Əliyevanın şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub. Belə ki, o həmin institutun oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. Həyatda və məişətdə olduğu kimi, elmdə də son dərəcə təvazökar və səmimi olan professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolundakı səmərəli və möhtəşəm xidmətlərinə görə qazandığı bu nüfuzlu mükafatı Azərbaycan oftalmologiya elminə yüksək qiymət kimi dəyərləndirmişdir.
1982-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçildi. Burada o, bir sıra yüksəkixtisaslı elmi kadrları hazırlayıb. Kafedra müdiri kimi Z.Əliyevanın praktik həkimlik işini xüsusi vurğulamaq lazımdır. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir ki, mənəvi dəyərləri özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir içtimai xadim olaraq şəfqət hümanizim kimi ali hislərə malik bir insan kimi xatırlanır.
Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: Taleh Zərifə xanıma elə bir insan qismət etmişdir ki, onunla tanışlığı nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri ilə, qoyub getdiyi elmi nailiyyətləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır.”
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini