Ermənistanın ABŞ-dakı səfirinin sərsəm tələbləri: “Azərbaycana dəstək kəsilsin, “DQR” tanınsın, sanksiya tətbiq edilsin…”
Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan Amerikanın həftəlik siyasi jurnalı olan “Newsweek”də geniş məqalə ilə çıxış edib. 1933-cü ildən nəşr olunan media orqanında gedən məqalə “America Must Contain Azeri-Turkish Aggression“ (Amerika Azəri-Türk təcavüzünü durdurmalıdır) adlanır.
Yeni Co Bayden administrasiyasına müraciət edən səfir nə istəyir, daha doğrusu, nə tələb edir? Çünki səfir Ermənistanın istək və arzularını tələb şəklində ortaya qoyur.
Səfir yazır ki, Ermənistan Azərbaycandan tələb edir ki, əsir götürdüyü 200 nəfərə yaxın hərbçini qeyri-şərtsiz azad etsin. ABŞ Ermənistanın bu tələbinə qoşulmalıdır və ona dəstək verməlidir.
Bu barədə çox yazılıb. Bir daha qeyd edək: Söhbət üçtərəfli anlaşma qüvvəyə mindikdən bir ay sonra Ermənistandan Dağlıq Qarabağa göndərilmiş kontingentdən gedir. Azərbaycan onları haqlı olaraq terrorçu hesab edir. Üstəlik, Ermənistan işğal zamanı minaladığı sahələrin xəritəsini Azərbaycan tərəfinə vermək istəmir. Bu da qarşılıqlı anlaşmaya əlavə problemlər yaradır.
İkinci məsələ odur ki, Donald Tramp administrasiyası 2018-2019-cü illərdə hərbi və təhlükəsizlik məqsədi ilə Azərbaycana 100 milyon dollardan artıq maliyyə dəstəyi verib: “Çox güman ki, həmin dəstək sonda Ermənistan əhalisinə və əsgərlərinə qarşı çevrilib. Ona görə də Co Bayden administrasiyası Azərbaycana hərbi dəstəyi kəsməlidir”.
Erməni səfir daha nə istəyir? Türkiyə və Azərbaycana Amerikandan silah idxalı üçün verilmiş bütün lisenziyalar geri alınmalıdır: “Ərdoğana və Əliyevə qarşı beynəlxalq səviyyədə iqtisadi və siyasi sanksiyalar tətbiq olunmalıdır”.
Ermənistan səfirinin növbəti tələbi isə xüsusi diqqətə layiqdir. O yazır ki, Fransa parlamentinin hər iki palatası və Avropanın başqa parlamentləri “Artsax Respublikası”nın öz müqəddəratını təyin etmək hüququnu qəbul edib. ABŞ Konqresi də eyni yanaşma sərgiləməlidir.
Növbəti tələb isə belədir: ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağın bir hissəsini işğal edən Azərbaycandan tələb etməlidir ki, onlar tutduqları ərazilərdən geri çəkilsinlər. Yəni, Azərbaycan ordusu Şuşa və Hadrutdan çıxıb getsin.
Son tələb isə belədir: ABŞ Türkiyənin Dağlıq Qarabağda hər hansı sülhməramlı missiyasına qarşı çıxmalıdır.
Elbəyi Həsənli, Sürix
America Must Contain Azeri-Turkish Aggression | Opinion (newsweek.com)