22 Dekabr 2024

Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq

Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı ölkəmizdə sistemli islahatların davamı ilə bağlı mühüm fikirlər səsləndirib və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməyin vacibliyini əsaslandırıb.

Dövlətimizin başçısı VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbinin islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olduğunu bildirib.

“Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir.” Prezident İlham Əliyev çıxşında vurğulayıb ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis olduğundan siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.” Ölkəmizin ictimai-siyasi həyatında atılan bütün addımlar sübut edir ki, Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında gənclər siyasətinə də toxunub: “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, – misal üçün, könüllülər hərəkatı çərçivəsində, – vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır.

Prezident İlham Əliyev: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik.”

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini