Alternativ və bərpaolunan enerji potensialı ölkəmizdə olduqca yüksəkdir
Günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjilərdir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil.
Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında inkişaf etmiş ölkələr qabaqcıl mövqe tuturlar.
Alternativ və bərpaolunan enerji potensialı ölkəmizdə olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Respublikamız bir neçə əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisin istehsal ediləcəyi, bu həcmin 10 qiqavatının “Masdar” şirkəti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşdüyü nəzərdə tutulub.
“ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Hələ 2021-ci il mayın 18-də Prezident İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə bütün Qarabağın “yaşıl enerji” zonası olacağını bildirib. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını isə dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edib. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini