Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itiri. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.26 fevral Xocalı Soyqırımı Günü. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.
Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. “Xocalı şəhidlərinin qanı yerdə qalmadı” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi”. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı