Xalqımız dayanıqlı inkişaf yolunu seçdi
Dövlət başçısı İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Mərasimdə möhtərəm Prezidentimiz yenidən böyük etimad və dəstək göstərdiyinə görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirərək belə bir əminliyi ifadə etdi ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Yeni dövrün hədəflərindən bəhs etmədən öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycanın son 20 ildən artıq dövrdə keçdiyi inkişaf yoluna, imza atdığı zəfərlərə diqqət yetirməliyik. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımız ilə qürur duyduğumuza görə qalib Liderimiz cənab İlham Əliyevə, rəşadətli ordumuza borcluyuq.
2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu. Cənab İlham Əliyev 2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdi: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.”
Dövlət başçısı 20 ildən sonra 2024-cü ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Zəfər seçkilərində xalqın 92,12 faiz səsini qazandı və andiçmə mərasimində böyük qürur və xoşbəxtlik hissi ilə bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edildi. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər, problemlər olsa da Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır. Verilən vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası dayanırdı. Azərbaycan 30 il sülh siyasətinə sadiqlik nümayiş etdirdi, danışıqlar prosesində iştirak etdi, dünya güclərindən ədalətə və beynəlxalq hüquqa söykənən yanaşma gözlədi. Lakin təəssüflər olsun ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədi. Vəziyyətin bu şəkildə davamı işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planlarına yol açdı və nəticədə İkinci Qarabağ müharibəsi baş verdi.
Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa işğalçılıq siyasətini pisləsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Dövlət başçısı andiçmə mərasimində bildirdi ki, biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Ölkə Prezidentinin 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verməsini şərtləndirən amilləri açıqlaması və onların fonunda “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” bəyanatı da Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı